“İslam həmrəyliyi ili”nə həsr olunmuş elmi seminar 
   
   Aprelin 27-də Lənkəran Dövlət Universitetində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” devizi altında “Mədəniyyət - davamlı inkişafın amili kimi” mövzusunda növbəti elmi seminar keçirilib. 
   “İslam həmrəyliyi ili”nə həsr edilmiş seminarda respublikanın beş ali məktəbi və AMEA-nın müvafiq elmi institutları təmsil olunub.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Nazir çıxışında elmi potensialların inteqrasiyasının vacibliyini diqqətə çatdıraraq birgə layihələrin həyata keçirilməsini tövsiyə edib.
   Seminarda “İslamda kitabxanaşünaslıq mədəniyyəti”, “İslam həmrəyliyi ümumbəşəri dəyərlər kontekstində”, “İslam və dünyəvilik mədəniyyəti: Azərbaycan təcrübəsində”, “Yoxsulluğun aradan qaldırılmasında islam iqtisadiyyatının inkişaf istiqamətləri” mövzularında məruzələr dinlənilib.
   Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz ilə AMEA-nın Gənc alim və mütəxəssislər Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.
   Qeyd edək ki, layihənin əsas məqsədlərindən biri respublikanın elmi potensialının mədəniyyət sahəsinin inkişafına yönəldilməsi və mövcud sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin artırılmasıdır. Mərkəz müxtəlif elmi təşkilatlarla əməkdaşlıq memorandumları çərçivəsində bu istiqamətdə layihələr həyata keçirilir.