Aprelin 27-də Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlığa dair müqavilənin imzalanma mərasimi keçirildi.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov İLESAM təşkilatının fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, qarşılıqlı əməkdaşlığa dair imzalanacaq sənəd birgə layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq. Əməkdaşlıq birgə fəaliyyətə, informasiya mübadiləsinə, perspektivli işlərin həyata keçməsinə təkan verəcək, iki ölkədə çap olunan kitabların mübadiləsi, yazarların kitablarının nəşri qarşılıqlı şəkildə reallaşacaq. Bu əməkdaşlıqdan qazanan isə qardaş ölkələrin oxucuları olacaq.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız qeyd etdi ki, Azərbaycanla əlaqələri 2005-ci ildən başlanıb. Ötən müddətdə bir çox Azərbaycan yazıçılarının əsərləri Türkiyədə çap olunub. Azərbaycan Bəstəkarlar İttifaqı ilə əməkdaşlıqdan da söz açan M.N.Parmaksız ötən il gerçəkləşən “Mahnıdan şarkıya” adlı musiqi layihəsinin uğurla gerçəkləşdiyini qeyd etdi. Vurğulandı ki, İLESAM tərəfindən bu il Azərbaycana müxtəlif elm sahələrinə dair və ədəbiyyat örnəklərindən ibarət 15 min kitab hədiyyə ediləcək.
Sonra Azərbaycan Milli Kitabxanası ilə İLESAM arasında əməkdaşlığa dair müqavilə imzalandı. M.N.Parmaksız Milli Kitabxananın direktoru K.Tahirova rəhbərlik etdiyi təşkilatın üzvlük vəsiqəsini və döş nişanını təqdim etdi.
Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, İLESAM-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, şair Xəyal Rza təşkilatın ölkəmizlə fəal əməkdaşlığından söz açdılar. Bildirildi ki, ilk olaraq AYB ilə başlanan əməkdaşlıq bu gün geniş şəkildə davam etdirilir.
Tədbir çərçivəsində İLESAM tərəfindən Milli Kitabxanaya hədiyyə olunmuş kitabların sərgisinə də baxış keçirildi.
Lalə Azəri