Sosial aksiya təşkil olunacaq
   
   Aprelin 29-da paytaxtın Nizami küçəsi 62C (İSR Plazanın yanı) ünvanında “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya keçiriləcək. Layihə “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
   Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi və 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlikdə əks olunan 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunmasıdır.
   Aksiya zamanı musiqili proqram çərçivəsində DJ və müxtəlif tanınmış simalar çıxışlar edərək BMT-nin dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edəcək və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyəcəklər. Həmçinin, mövzu ilə bağlı müxtəlif viktorinalar keçiriləcək və hədiyyələr veriləcək. Gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylanılacaq.
   Aksiyada iştirak etmək və ətraflı məlumat almaq üçün www.betterfuture.nayora.az portalına daxil olmağınız xahiş olunur.