Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə qonşu ölkəyə səfər edib.
Paytaxt Tehranda keçirilən görüşlərdən sonra səfər aprelin 25-də İsfahan şəhərində davam edib. Nümayəndə heyətinin şəhərin qubernatoru Rəsul Zərgərpur ilə görüşü keçirilib. İslami Mədəniyyət və Əlaqələr Təşkilatının İsfahandakı Baş idarəsinin müdiri və ölkəmizin İrandakı səfirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə qubernator şəhərin mədəni irsi, turizm imkanları barədə danışıb.
Ədalət Vəliyev səmimi qəbula görə təşəkkürünü ifadə edib və nazir Əbülfəs Qarayevin salamlarını çatdırıb. Ölkəmizdə gedən dinamik inkişaf, yüksək səviyyədə keçirilən beynəlxalq tədbirlər, nazirliyin strukturu və fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan tərəfindən Azərbaycan və islam dünyası irsinə aid olan abidələrin dağıdıldığı barədə İran tərəfinə məlumat verilib. Azərbaycan və İran rəhbərliyinin ən yüksək səviyyədə keçirilən görüşlərinin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin iki dövlət və xalq arasında əlaqələrin dostluq və qardaşlıq ruhunda inkişafına təkan verdiyi vurğulanıb.
Nazir müavini mövcud əlaqələrin yüksələn xətlə inkişafının mədəniyyət və turizm sahələrində əməkdaşlığa da müsbət təsir göstərdiyini deyib. Qeyd edilib ki, təkcə Novruz bayramı tətilində İrandan Azərbaycana 46 min turist səfər edib. Sonra nümayəndə heyəti Fərşçian Mədəniyyət Mərkəzini ziyarət edib, məkanın texniki imkanları ilə tanış olub.
26-27 aprel tarixində nümayəndə heyəti Təbrizdə olub. Səfər çərçivəsində Şərqi Azərbaycan Vilayətinin başçısı İsmayıl Cabbarzadə ilə görüş keçirilib. Ölkəmizin Təbrizdəki Baş konsulu Əliənnağı Hüseynovun da iştirak etdiyi görüşdə iki ölkə arasında əlaqələr, gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi barədə danışan nazir müavini Prezident İlham Əliyevin himayəsi ilə iki ildən bir Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb.
Nazir müavini İranda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Tehran, İsfahan və Ərdəbildə keçiriləcək tədbirlər barədə məlumat verib. Həmçinin Azərbaycandan Təbrizə, Təbrizdən isə ölkəmizin müxtəlif bölgələrinə mədəniyyət və incəsənət xadimlərinin qastrol səfərlərinin təşkili və mədəniyyət müəssisələri ilə birbaşa əlaqələrin təşviqi istiqamətində iş aparılmasının əhəmiyyəti vurğulanıb. Turizm sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə, yaxın zamanda iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüşün keçirilməsinin mümkünlüyü bildirilib.
Vilayət başçısı Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirib, nazir Əbülfəs Qarayevə salamını çatdırmağı xahiş edib, ölkəmizdə mədəniyyət və turizm sahələri üzrə layihələrin icrasında uğurlar arzulayıb.
Təbriz şəhər bələdiyyəsinin başçısı Sadıq Nəcəfi ilə görüşdə şəhərin mədəni irsi, əhalinin asudə vaxtının təşkili, mədəni zövqü barədə fikir mübadiləsi aparılıb. Təbriz şəhərinin 2018-ci il üçün “İslam dünyasının turizm paytaxtı” elan edildiyi və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı qeyd edilib. Ədalət Vəliyev ölkəmizin dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və bu sahədə təcrübə mübadiləsinin mümkünlüyünü diqqətə çatdırıb.
Görüşün sonunda nazir müavini Təbrizin "Səhənd" televiziyasına müsahibə verib.
Sonra Azərbaycan nümayəndə heyəti Göy məscid, Azərbaycan muzeyi və Təbrizin digər tarixi abidələri ilə tanış olub. Nümayəndə heyəti ölkəmizin Təbrizdəki baş konsulluğunu da ziyarət edib.
27 apreldə Tehran şəhərində ölkəmizin İrandakı səfiri Bünyad Hüseynovun iştirakı ilə Azərbaycan nümayəndə heyəti və İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının məsul şəxsləri ilə görüş keçirilib. Səfərin yekunları və İranda Azərbaycan mədəniyyəti günlərinin təşkilinə dair müzakirələr aparılıb.