Salyan rayon Sarvan kənd Folklor evində Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən 9 kənd, 5 şəhər, 13 kənd klubunun qatıldığı beşinci ümumrayon baxış-müsabiqəsinin ilk turu təşkil olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqənin ilk mərhələsində 6 mədəniyyət evi və 8 klubda fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivləri çıxış edib.
Münsiflər heyəti üzvlərindən Mədəniyyət mərkəzinin direktoru Lətif Zərbəliyev, Sarvan kənd Folklor evinin müdiri Cahangir Qaraşov, Mərkəzin bədii rəhbəri Vüqar Ağayev, metodist Şahin Şahbazov çıxış edərək bildiriblər ki, müsabiqənin məqsədi rayonun şəhər və kəndlərində şeirə, mahnıya, rəsmə, aktyorluq sənətinə həvəsi olanları üzə çıxarıb, ictimaiyyətə tanıtmaq, istedadlarını geniş kütləyə nümayiş etdirməkdir.
Baxış-müsabiqəyə mayın 10-da qaliblərin konsert proqramı ilə yekun vurulacaq. Qaliblər fəxri fərmanlarla mükafatlandırılacaq.