Kino tariximizi qoruyan və yaşadan məkan
   
   Milli kino tariximizin müxtəlif mərhələlərinə aid kinolentlərin qorunması, bərpası və mühafizəsində, arxiv materiallarının toplanmasında Dövlət Film Fondunun əvəzsiz xidməti var. 2008-ci ildə yeni, beşmərtəbəli binaya köçən, ən yeni texniki avadanlıqlar əsasında fəaliyyət göstərən Dövlət Film Fondunun tarixi, iş prinsipi ilə oxucularımızı da tanış etmək istərdik.
   
   
   Öncə qısa tarixçə
   
   Sovet dövründə Azərbaycanda istehsal olunmuş filmlər SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə, televiziyanın sifarişi ilə çəkilmiş filmlər isə SSRİ Teleradio Fonduna təhvil verilirdi. SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə çəkilmiş filmlər Moskva şəhərində yerləşən SSRİ Dövlət Film Fondunda cəmləşdirilirdi ki, onların ilkin materialları bu gün də orada saxlanılmaqdadır. Azərbaycanda qalan film nüsxələri isə «Azərbaycanfilm» kinostudiyasında və «Azərprokat» İstehsalat Birliyində saxlanılırdı. Təbii ki, bu dövrdə filmlərin saxlanılma şəraitinin normal olmaması, həddən çox istismar edilmələri nəticəsində onlar yararsız vəziyyətə düşürdü. Nəhayət, 1994-cü ildə respublikamızda "Azərkinovideo" İstehsalat Birliyinin nəzdində Dövlət Film Fondu təşkil olundu.
   
   Dövlət Film Fondunun iş fəaliyyəti
   
   Azərbaycan Dövlət Film Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliği ilə bağlıdır. Buraya təkcə milli kino sənətimiz yox, həm də xarici filmlərin təbliği daxildir. Bununla bağlı hazırlanan tədbirlər proqramı əsasında Azərbaycanın bir sıra görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir. Azərbaycan Dövlət Film Fondu elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Burada Azərbaycanın kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazırlanır. Buna misal olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqunu göstərmək olar.
   Son illər bir çox Azərbaycan filmləri, milli kinomuzun tarixi ilə bağlı nadir ekran əsərləri Dövlət Film Fonduna daxil olub. Vaxtilə şəxsi kolleksiyadan itmiş, bəstəkar Müslüm Maqomayevə həsr olunmuş film tapılaraq fondun arxivinə daxil edilib. Bu filmdə məşhur opera müğənnisi Şövkət Məmmədova və görkəmli dirijor Niyazi öz xatirələrini bölüşürlər. Görkəmli aktyor Ələsgər Ələkbərova şəxsən Ədil İsgəndərov tərəfindən hədiyyə olunmuş, yeganə nüsxədə lentə alınan 10 dəqiqəlik film, rejissor Tofiq İsmayılovun 1967-ci ildə çəkdiyi «Şəhərimin daşları», rejissor Rauf Nağıyevin çəkdiyi «Fotofantaziya» sənədli filmləri əldə edilərək yenidən bərpa olunub və fonda daxil edilib.
   Bundan başqa, Dövlət Film Fondunda filmlərin saxlanma şəraiti qənaətbəxş olduğundan bir çox sənətçilər şəxsi arxivlərini buraya hədiyyə ediblər. Məsələn, kinorejissor Şamil Nəcəfzadə öz filmlərini, tanınmış kinorejissor Ayaz Salayev özünün çəkdiyi «Yarasa» filmini, Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun Tacikistanda çəkdiyi «Molla Nəsrəddinin 12-ci qəbri» filmini Fonda hədiyyə edib. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun filmləri ailəsi tərəfindən Fonda təqdim edilib. 2008-ci ildən başlayaraq ildə bir dəfə Film Fondunda qorunan ekran əsərlərindən bəhs edən «Kinobülleten» nəşr edilir.
   Onu da qeyd etmək lazımdır ki, Dövlət Film Fondunda çalışan əməkdaşların səyi nəticəsində Azərbaycan kinosunun tarixində maraqlı faktlar aşkar olunub. Məsələn, sübut olunub ki, Azərbaycan aktyorları xarici filmlərdə 1938-ci ildən çəkilməyə başlayıblar. Həmin il «Lenfilm» kinostudiyasında kinorejissor Q.Trauberq «1919-cu il» adlı bədii film çəkib. Filmdə əsas rollara Atamoğlan Rzayev və Əhməd Qəmərlinski çəkiliblər. Fondun əməkdaşları bu faktları Atamoğlan Rzayevin oğlu tərəfindən təqdim olunmuş sənədlər vasitəsi ilə aşkar ediblər. Bundan başqa, Fondun əməkdaşlarının axtarışları nəticəsində Rusiya, Kanada, Gürcüstan və başqa ölkələrdən görkəmli musiqiçilərimiz Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev və M.Maqomayevin fotosənədlərinin neqativləri əldə edilərək buraya gətirilib.
   Maraqlı faktlar arasında Ukraynanın Simferopol arxivindən Azərbaycanın ilk kinoaktyorlarından biri olan Xeyri Əmirzadənin sənədlərinin nüsxələrini, ABŞ-dan ilk kinoaktrisamız İzzət Orucovanın foto və arxiv sənədlərini qeyd etmək olar. «Sevil» bədii filminin çəkilişləri ilə də bağlı maraqlı faktlar aşkar olunub. Aparılan axtarışlar nəticəsində vaxtilə itirilmiş bir neçə nadir səssiz Azərbaycan filmi tapılaraq Fonda gətirilib. Bu filmlər arasında «Əvəz-əvəzə» (1925), «Vulkan üzərində ev» (1928, görkəmli aktyorumuz Ə.Ələkbərov ilk dəfə bu filmdə çəkilib), «İki yoldaş» (1934), «Dəcəl dəstə» (1937, filmin rejissoru Şərqdə ilk qadın kinorejissor olan azərbaycanlı Qəmər Salamzadədir) və başqa filmlər var. Fonda daxil olan unikal fotosənədlər arasında rusiyalı aktyor B.Bordukovun şəxsi arxivindən əldə edilən «Uzaq sahillərdə» bədii filmi ilə bağlı fotolar da var. Bu yaxınlarda Fonda Rusiyadan Azərbaycan kinosunun tarixi ilə bağlı çox qiymətli sənədlər də daxil olub. Bu sənədlər arasında 1940-1960-cı illərdə nəşr olunmuş kino jurnalları da var ki, burada Azərbaycan kinosuna həsr edilmiş xeyli sayda məqalələrə rast gəlmək olar.
   
   Film Fondunda muzey
   
   Dövlət Film Fondunun 2-ci mərtəbəsində kino sənətimizdən maraqlı eksponatları qoruyub saxlayan muzey fəaliyyət göstərir. Burada xarici qonaqların Film Fonduna bağışladığı hədiyyələr, tanınmış şəxslərin şəxsi arxivi, bəzi rejissorların şəxsi əşyaları və s. mühafizə olunur.
   
   Beynəlxalq əməkdaşlıq
   
   Dövlət Film Fondunun əsas məqsədlərindən biri də 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməkdir. Fond Federasiyasının Brüssel şəhərində yerləşən qərargahı ilə mütəmadi olaraq əlaqə saxlayır, oradan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alırlar. Dövlət Film Fondu öz fəaliyyət və prinsiplərini Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyələri əsasında 5 əsas istiqamət üzrə qurur: filmlərin bərpası və qorunub saxlanılması; milli və xarici kino sənətinin təbliği; arxiv materiallarının toplanması; elmi-tədqiqat və araşdırma işlərinin aparılması; beynəlxalq əlaqələr üzrə işlərin aparılması.
   
   Fondun texniki təchizatı haqqında
   
   Dövlət Film Fondunda kinofotosənədlərin saxlanmasını təmin etmək məqsədilə havanın temperaturunu və rütubətliyini tənzimləyən xüsusi bokslar yerləşdirilib. Burada kompleks iş otaqları var. Kinofotosənədlərin saxlanıldığı otaqlar digər otaqlardan ayrı olmaqla yanaşı burada otaqlar xüsusi nəzarətdə saxlanılaraq toz, ammiak, hidrogen sulfidi, azot oksidi, qaz sulfidi və civə buxarının daxil olmasının qarşısını alan texniki vasitələrlə təchiz edilib.
   Bu gün Dövlət Film Fondunda saxlanılan və qorunmaqda olan fondlara 64372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.), 50-yə yaxın raritet-kinoçəkiliş texnikası avadanlıqları daxildir. Burada bütün bu materiallar üçün xüsusi saxlama otaqları ayrılıb. Fondda qorunan arxiv materialları və fotosənədlər toza və rütubətə qarşı ayrıca hazırlanmış bağlı rəflərdə saxlanılır. Xüsusi hazırlanmış bu rəflərdə saxlanılan bütün sənədlərin havalanma və ventilyasiya prosesi tənzimlənir. Bundan başqa, saxlanma otaqlarında ultrabənövşəyi şüalara qarşı qoruyucu vasitələr də qoyulub. Həmin otaqlarda havanın temperaturu mövcud normativə uyğun olaraq +5 dərəcə, nisbi rütubət isə 45-65%-də saxlanılır.
   Fondda qorunan filmlərin plakatları, reklam materialları, müxtəlif illərdə nəşr olunmuş qəzet və jurnallar üçün də ayrıca saxlama dolabları var. Həmçinin Fondda müxtəlif filmlərlə bağlı eksponatlar və geyimlər, əlbəsələr də saxlanılır. Bu növ arxiv materialları üçün də ayrıca saxlanma otağı ayrılıb. Burada müxtəlif yerlərdən daxil olmuş 50-yə yaxın, artıq raritetlərə çevrilmiş kinoçəkiliş texnikası da saxlanılır. Onlar Fond əməkdaşları tərəfindən bərpa edilib və binanın foyesində yaradılmış ekspozisiyada nümayiş etdirilir.
   Azərbaycan Dövlət Film Fondu bütün fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanaraq öz işini xüsusi proqram əsasında beş əsas istiqamətdə qurur. Onu da qeyd edək ki, hazırda Fonda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar