Bir əsərin tarixçəsi 
   
   Sənət sahələrinin hər birində ərsəyə gətirilən yeni əsərə obrazlı görkəm vermək ən çətin və mürəkkəb yaradıcılıq məsələsidir, desək, yanılmarıq. Bu mənada rəssam və heykəltəraşlar üçün dünya şöhrətli şəxsiyyətlərin obrazlarını yaratmaq ikiqat çətindir. 
   Çox vaxt həmin adamların rəsmi qəbul olunmuş portretləri olmasa da, insanların xəyalında onların işıqlı əməllərinə və yaradıcılıqlarına müvafiq obrazları canlanmaqda-yaşamaqdadır. Bununla belə, zamanın axarında belə adamları təkcə özümüzə yox, başqalarına da tanıtmaq üçün onların portretlərinin yaradılmasına ehtiyac duyulub. Məhz bu məqsədlə Azərbaycanda müxtəlif illərdə N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, Aşıq Ələsgər və Dədə Qorqudun portret-obrazlarının yaradılması üçün müsabiqələr keçirilib. Belə müsabiqələrin birincisi dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) ilə bağlı olub. Bunu şərtləndirən səbəb 1939-cu ildə sovet hökumətinin N.Gəncəvinin 800 illik yubileyinin keçirilməsi barəsində qərar qəbul etməsi olub. 
   Lakin o vaxt yubiley təntənəsində şairin ictimaiyyətə təqdim olunacaq portreti olmur. Bu vəziyyət yubileyin təşkilatçılarını şairin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması üçün müsabiqə təşkil etməyə sövq edir. Beləliklə, 1939-cu ildə şairin adını daşıyan muzeyin təşkili ilə bərabər, onun obrazının yaradılması üçün açıq və qapalı Ümumittifaq müsabiqəsi elan olunur. Bundan sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yubileyə hazırlıq məqsədilə rəssam və heykəltəraşların Ümumittifaq toplantısını təşkil edir. Həmin tədbirin iştirakçılarına “Nizami dövrünün mədəniyyəti və incəsənəti” sərgisinin təqdimatı da müsabiqədə iştirak edəcək yaradıcılara kömək məqsədilə həyata keçirilmişdi.
   * * *
   Müsabiqənin nəticəsindən danışmazdan əvvəl portretin yaradılması ilə bağlı bir əhvalatı yada salmaq istəyirik. Bu, şairin kəllə sümüyü əsasında onun portretinin yaradılması cəhdi ilə bağlıdır. Məlumdur ki, o vaxtlar Leninqradda (indiki Sankt-Peterburq) yaşayan M.M.Gerasimov adlı bir arxeoloq-antropoloq bu sahədə xeyli işlər görmüşdü. O, 1939-1945-ci illərdə Səmərqənddə Teymurləng, Miranşah, Uluqbəy, Şahruh və Məhəmməd Sultan kimi tarixi şəxsiyyətlərin heykəl-portretlərinin yaradıcısı kimi məşhurdur. Deyilənə görə, Nizami Gəncəvinin portretinin yaradılması məsələsi ortaya çıxanda, M.M.Gerasimov yada düşür. Şairin obrazının yaradılması üçün ona müraciət olunur. 1939-cu ildə şairin qəbrindən onun kəllə sümüyü götürülür və qatarla alimin ünvanına göndərilir. Amma sonradan bu məsələ indiyə qədər də qaranlıq qalan müəmmaya bələnir, hətta çoxları belə bir hadisənin olmadığını da söyləyirlər. Görünən nəticə isə budur ki, həmin portret yaradılmayıb. Ola bilsin ki, M.M.Gerasimov 1939-1945-ci illərdə Səmərqənddə çalışdığından ona göndərilən bu bağlamanı heç görməyib. Belə ki, Azərbaycandan Leninqrada göndərilən bağlamanın ünvanına çatıb-çatmaması haqqında da dəqiq məlumat yoxdur...
   Şairin rəngkarlıq portretinin yaradılması üçün elan olunmuş müsabiqədə Azərbaycanla yanaşı Gürcüstan və Türkmənistan rəssamları iştirak etmişdir. Ümumilikdə ilk tura 16 əsər təqdim edilmişdi. Onların 10-u Azərbaycan, qalanı isə digər respublikalardan olan fırça ustalarının işi idi. Müsabiqə iştirakçıları arasında R.Topçubaşova, K.Xanlarov, H.Haqverdiyev, T.Tağıyev, A.Qasımov, M.Nəcəfov, B.Semyonov və b. rəssamların adına rast gəlmək mümkündür. 
   Amma onların yaratdıqları portretlərin heç biri münsiflər heyətini qane etmir. Əksinə, I turda iştirak etməyən Qəzənfər Xalıqovun karandaşla çəkdiyi ifadəli rəsm akademik - şərqşünas Yevgeni Bertelsin xoşuna gəlir və o, bu obrazın tarixi baxımdan inandırıcı olduğunu, elə Nizaminin də buna oxşaya bildiyini söyləyir. Onun bu fikrini filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslının da bəyənməsi rəssamı müsabiqənin ikinci turunda iştirak etməyə həvəsləndirir. Alimlərin bəyəndikləri cizgiləri əsas götürən rəssam Nizaminin hamını qane edə biləcək portretini yaratmağa başlayır. Müxtəlif mənbələrdə obrazın yaradılmasında Üzeyir Hacıbəylinin də rolu vurğulanır. O, Q.Xalıqovun çəkdiyi rəsmin alimlər tərəfindən bəyənildiyini görüb, buna bənzər Ağcabədidə bir axund tanıdığını söyləyir və ondan natura kimi istifadə etməyi təklif edir. Onun bu təklifi müsbət qarşılanır və Tarix-diyarşünaslıq muzeyində saxlanan qədim geyimləri geyinmiş din xadimi gələcək obraz üçün prototip olur. Son nəticədə, həm də rəssam təxəyyülünün əlavə olunduğu portret 1940-cı ildə müsabiqənin I mükafatına layiq görülür. 
   Aydın kompozisiyaya malik əsər şair ömrünün yetkinlik çağını özündə əks etdirir. Milli geyimdə pəncərə önündə - kürsü üzərində oturmuş Nizami yaradıcılıqla məşğuldur. Bunu əli qələmli söz xiridarının dizinin üzərində qoyulmuş qalın dəftərdən bir anlığa ayrılması və düşüncəli baxışlarını naməlum istiqamətə - işıqlı gələcəyə yönəltməsi də təsdiqləyir. Yığcam rəng həlli ilə təqdim olunmuş portret üçün fon-yerlik təşkil edən soyuq-mavi səma və sumağı pərdə birlikdə şairin nurlu çöhrəsinin cəlbediciliyini şərtləndirir və obraza romantik ruh bəxş edir. 
   Q.Xalıqov müsabiqənin qalibi olandan sonra “Bakinski raboçi” qəzetinin 11 fevral 1941-ci il tarixli sayında dərc olunan “Nizami obrazı necə yarandı?” məqaləsində qeyd edir ki, rəssam kimi mənim qarşımda çox mürəkkəb vəzifə - əzəmətli və çoxcəhətli zəka sahibinin obrazını yaratmaq dururdu. Belə ki, Nizami vətəninin alovlu vətənpərvəri, hökmdarlar qarşısında əyilməyən dahi humanist idi. Mən Nizami obrazını ilk növbədə romantik şair və mütəfəkkir kimi təqdim etmişəm...
   * * *
   1939-cu ildə həm də şairin heykəltəraşlıq portretinin yaradılması üçün müsabiqə olunmuşdu. O vaxt Bakıda və şairin vətəni Gəncədə abidələrin ucaldılması nəzərdə tutulurdu. Bu sənət yarışması da açıq və qapalı keçirilmişdir. Rəngkarlıq portretindən fərqli olaraq heykəlin yaradılmasında daha çox müəllif iştirak etmişdir. Müsabiqəyə 60-a qədər abidə-layihə təqdim olunmuşdu. Qalib adını qazanmağa V.Sinayski, K.Motovilov, A.Manuylov, P.Sabsay, F.Əbdürrəhmanov və digər tanınmış sovet heykəltəraşları iddialı idilər. Münsiflər heyəti çoxsaylı namizədlərin arasından 35 yaşlı Fuad Əbdürrəhmanovun təqdim etdiyi bir neçə layihəni bəyənir. Ona memar M.Hüseynov və S.Dadaşovla birlikdə abidənin yekun variantının hazırlanması həvalə olunur. 
   Gənc heykəltəraşın o dövr yaradıcılığı üçün səciyyəvi olan mənəvi və emosional zənginliyin plastik ifadəsini onun Nizami Gəncəviyə həsr etdiyi iki abidədə hiss etmək mümkündür. Bakıda ucaldılacaq heykəlin məkan-fəza həllini tapmaq daha çətin idi. Abidə ilə onun 50-60 metrliyində yerləşən Nizami muzeyi arasında bədii sintezin yaradılması müəllifin qarşısında duran əsas vəzifələrdən biri idi. Odur ki, bu işə iki memar - M.Hüseynov və V.İvanov da cəlb olunmuşdu. Duyulası zaman distansiyasından demək olar ki, abidə ilə muzey binası arasındakı bağın terras formasında həll olunması arzulanan nəticənin əldə olunmasını şərtləndirmişdir. Nizaminin tunc abidəsi ilə onun xələflərinin muzeyin lociyasını bəzəyən heykəlləri arasında yaradılan mənəvi-bədii əlaqə doğrudan da gözoxşayan və yaddaqalandır. Ümumi hündürlüyü 14 metrə bərabər olan tunc abidə özünün əzəməti, aydın və ahəngdar plastik formaları ilə diqqət çəkir. Obraza xas olan zəka dərinliyi, müdriklik və mənəvi qüvvənin cəlbedici tutumda ifadəsi ilk növbədə heykəltəraşın Nizami dühasına bələdçiliyinin nəticəsidir. Altı metrlik tunc fiqurun axıcı və ifadəli plastika ilə gerçəkləşməsi həm də abidənin dinamikliyini təmin edir. Süjetləri “Xəmsə”dən götürülmüş tunc qabartmalarla (onları Q.Xalıqovun eskizləri əsasında heykəltəraş P.Xrünov işləmişdir) bəzədilmiş qranit kürsü vüqarlı duruşa malik şairin obrazına zənginlik və duyulası monumentallıq bəxş etmişdir. Abidənin açılışı 1949-cu ildə keçirilmişdir. 
   Şairin Gəncədəki ümumi hündürlüyü 8 metrə çatan abidəsinin ümumi bədii həllində paytaxtdakı heykəllə səsləşən bədii məqamlar duyulandır. Plastikanın dinamikası və ekspressivliyi F.Əbdürrəhmanovun böyük şövqlə ərsəyə gətirdiyi bu tunc sənət əsərində də hiss olunmaqdadır. Bunun nəticəsində boz qranit kürsü üzərində yüksələn tunc fiqurun irəliyə doğru hərəkəti və bütünlükdə abidənin ümumi silueti ətrafına dinamik tutum və cəlbedicilik bəxş etməkdədir. Açılışı 1947-ci ildə baş tutan abidənin 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülməsi də onun müəllifinin yüksək sənətkarlığına verilən dəyərdir.
   * * *
   Həm rəssam Q.Xalıqov, həm də heykəltəraş F.Əbdürrəhmanov Nizamini həyat və yaradıcılığından çıxış edərək onun obrazını çox qürurlu təqdim etmişlər. Görünür, şairin zamanında xalqa müraciətlə dilə gətirdiyi “İnsanın başı onun şərəf və ləyaqətinin bayrağıdır, onu heç kimin qabağında əyməyin!” misraları iş prosesində hər iki sənətkar üçün ilhamverici qaynaq olmuşdur. Onlar həm də digər detallarla obrazın mənəvi-psixoloji tutumunun yaddaqalanlığına nail olmuşlar.
   Dahi şairin həm Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini bəzəyən rəngkarlıq portreti, həm də Bakı və Gəncə şəhərlərindəki heykəlləri bu günədək Azərbaycan təsviri sənətinin uğuru kimi dəyərləndirilməkdədir...
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru