Fikrət Ələkbərov - 65 
   
   Çəkiliş meydançası, ekran, teatr, səhnə, estrada - bütün bunlar müasir tamaşaçının yaddaşına həkk olunmuş ümumi anlayışlardır. Amma onların arxasında incəsənətin mürəkkəb və çoxcəhətli sahələri birləşib. Belə mühüm sahələrdən biri də rəssamlıqdır. 
   Azərbaycanın Əməkdar rəssamı Fikrət Ələkbərov 40 ilə yaxındır ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışır. Bu müddət ərzində 50-yə qədər filmdə dekorator, rəssam assistenti, quruluşçu rəssam işləyib. Bu günlərdə (18 fevral) F.Ələkbərovun 65 yaşı tamam olub. Bu münasibətlə onunla görüşüb həyat və yaradıcılığı barədə söhbət etdik:
   
   - Fikrət müəllim, rəssamlıq nədən başlanır?
   - Allahın verdiyi istedaddan. İstedad konkret şəxsin yaradıcılığında meydana çıxan xalqın canlı, poetik ruhudur. Əlbəttə, bu istedad zəhmətlə yoğurulmasa, sönüb yox ola bilər. Rəssamı uşaqlıq dövrünün təəssüratları, zaman özü yetişdirir. Mənim anam boş vaxtları olanda parça üzərində naxış tikməklə məşğul olurdu. Mən də dinməzcə oturub onun necə naxış vurmağına tamaşa edərdim. Rəsm çəkməyə marağımı görüb bir gün məni dəftərxana mağazasına apardı, albom, akvarel və rəngli karandaşlar aldı. Sevincim yerə-göyə sığmırdı. O vaxt 2-ci sinifdə oxuyurdum. 5-ci sinifdə olanda artıq Respublika Pionerlər Evinin rəssamlıq dərnəyində məşğul olurdum. Burada müəlliməm Məsmə Ağayeva idi. O mənim xatirəmdə həm gözəl insan, həm də gözəl pedaqoq-rəssam kimi qalıb. İlk kosmonavt Yuri Qaqarin kosmosa uçanda “Qaqarin kosmik gəmidə” adlı şəkil çəkmişdim. Şəkil Məsmə xanımın çox xoşuna gəldi. Bu rəsm Moskvaya, Ümumittifaq uşaq yaradıcılıq sərgisinə göndərildi. Orada da komissiya tərəfindən bəyənilərək digər işlərlə birgə Amerikaya, Dünya uşaq yaradıcılığı sərgisinə göndərirdi. Bu sərgi Nyu-York, Vaşinqton və Minneapolis şəhərlərində də nümayiş etdirildi.
   - Yəqin rəssamlığa elə bu həvəs sizi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirdi?
   - 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil oldum. Burada mənim müəllimlərim Əyyub Məmmədov və Əyyub Hüseynov kimi sənətkarlar idi. Çox gözəl rəssamlar idi. Bu sahədə savadımı artırmaq üçün 1969-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilimi davam etdirdim. İnstitutu qurtarar-qurtarmaz hərbi xidmətə çağırıldım. Leninqradda (Sankt-Peterburq - red.) xidmət edirdim. Boş vaxtım olan kimi Ermitaja gedib bərpa emalatxanasında rəssamların necə işləmələrinə tamaşa edirdim. Bəxtim onda gətirdi ki, hətta xidməti başa vurmamış Bakıya gəlib diplom müdafiə etdim.
   - Kinoya gəlişiniz necə oldu?
   - SSRİ Xalq artisti, xalqımızın böyük sənətkarı Ələsgər Ələkbərov atamın əmisi oğludur. O, vaxt tapanda bizə baş çəkər, mənim dərslərimlə maraqlanar, öyüd-nəsihət verərdi. Bir gün yenə də bizə gələndə mənim şəkil çəkdiyimi gördü. O vaxtı mən artıq Rəssamlıq Məktəbində oxuyurdum. O, çəkdiyim şəkillərə diqqətlə baxıb gözlənilmədən atama dedi: “Ağa Zeynal, əgər ömür vəfa etsə mən Fikrəti kinostudiyaya aparıb işə düzəldəcəyəm. Mən deyən olmasa, sən bunu edərsən. Fikrət şuluqçu olsa da yaxşı uşaqdır, əl qabiliyyəti də var. Qoy kinematoqrafçılar nəslimizin ardıcılı olsun”.
   Məsələ ondadır ki, müharibədən əvvəl Ələsgər əmim atamı da kinostudiyaya işə düzəltmişdi, kinooperator köməkçisi vəzifəsinə. Atam müharibə illərində ön cəbhədə çəkilişlər aparıb. Müharibədən sonra “Bir qalanın sirri”, “Səhər” və s. bədii filmlərin yaradılmasında iştirak edib.
   Ələsgər əmi 1963-cü ildə vəfat etdi. Üstündən illər keçdi. Bir gün atam işə düzəltmək üçün məni kinostudiyaya apardı. O vaxt studiyada rejissor Rasim Ocaqov “Tütək səsi” filmini çəkməyə hazırlaşırdı. Filmin quruluşçu rəssamı Elbəy Rzaquliyev idi. Kadrlar şöbəsində məni həmin filmə rəssam assistenti vəzifəsinə işə götürdülər. Kinostudiyada müəllimim çox hörmət etdiyim insan və rəssam Nadir Zeynalov oldu. Məhz o, mənə kinematoqrafın incəliklərini, kinoda rəssam işinin nədən ibarət olduğunu öyrədirdi. Nadir müəllim məni 9 yaşımdan tanıyırdı. Atamla kinostudiyaya gedib-gələndə çəkdiyim şəkilləri ona göstərmişdim.
   - Maraqlıdır, rəssamlıq sənətinə yiyələnən hər cavanın kinostudiyada işləmək meyli olmur. Çünki kino rəssamı olmaq heç də asan məsələ deyil. Sizdə bu həvəs nə vaxtdan yaranıb?
   - 1957-ci ilin yay fəsli idi. Şıx çimərliyindən qayıdırdım. İçərişəhəri çox sevdiyim üçün yolumu oradan saldım. Qız qalasının yanından keçəndə gözlərimə inanmadım. Burada bir neçə dəvə vardı. Ətrafda ərəb geyimində adamlar gəzişirdilər. Sən demə, “Axırıncı düym” (Ceyms Oldricin eyniadlı hekayəsi əsasında “Lenfilm”in çəkdiyi macəra filmi - red.) bədii filminin epizodlarından biri çəkilirdi. Xeyli dayanıb çəkilişlərə tamaşa etdim. Çəkiliş qrupundan bir qadın bunu görüb mənə yaxınlaşdı, adımı, sonra da yaşadığım ünvanı soruşdu. Mən evə qayıdanda fikrim çəkiliş meydançasında idi.
   İki gündən sonra həmin qadın yanında da milis nəfəri həyətimizdə peyda oldular. Milisioner “Fikrət kimdir?” soruşanda atam “yenə nə oyun çıxarmısan?” deyib üstümə yeridi. Qadın özünü irəli verməsəydi bir-iki kötək yeyəcəkdim. Məlum oldu ki, filmin balaca qəhrəmanı Devini oynayan aktyor xəstələnib. Onu əvəz etmək üçün qadın mənim ardımca gəlibmiş. Sevincimin həddi-hüdudu yox idi. Məni orta və ümumi planlarda lentə aldılar. Sonra ay yarım Bilgəhdə çəkiliş qrupuna xırda işlərdə köməklik edirdim.
   1960-cı ildə digər belə bir əhvalatla qarşılaşdım. Respublika Pionerlər Evinə gedərkən yenə də yolumu İçərişəhərin dar küçələrindən saldım. Küçələrin birində xeyli adamın toplaşdığını gördüm. Bu dəfə İçərişəhərdə məşhur “Amfibiya adam” bədii filminin çəkilişləri gedirdi. Bu dəfə də maraq məni o qədər tutmuşdu ki, dərsdən qaçıb çəkiliş meydançasına gəlir, yaradıcı heyətin qulluğunda dururdum. Nəticədə həmin il dərslərdən geri qaldım və məni yeddinci sinifdə ikinci ilə saxladılar. Amma bu xoşagəlməz hadisə mənim kinoya olan məhəbbətimi azalda bilmədi.
   Çəkilişlə bağlı daha bir əhvalat. 1969-cu ildə Bakıda “Brilyant əl” filmi çəkilirdi. Yenə də çəkiliş qrupu ilə qaynayıb qarışmağa başladım. Çəkiliş üçün dəvələr lazım idi. Həmin filmdə Nəriman Axundov inzibatçı işləyirdi. Dəvələrin saxlandığı yeri mən yaxşı bilirdim. Qobustanla Şamaxı arasında dəvə ferması varıydı. Nəriman Axundovla ora getdik, üç dəvə ilə geri qayıtdıq. Düz on beş gün qrupda dekorator assistenti kimi çalışdım.
   Mən artıq kinoya bağlanmışdım. Ona görə də institutu bitirəndən sonra Ələsgər əminin tövsiyəsi ilə həyatımı kinematoqrafa bağladım. İndiyə kimi əlliyə qədər filmdə dekorator, geyim üzrə rəssam, quruluşçu rəssam işləmişəm. Bunların arasında “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Dərviş Parisi partladır”, “İşarəni dənizdən gözləyin”, “Gənc qadının kişisi”, “Sizi dünyalar qədər sevirdim”, “Girişmə, öldürər” bədii filmləri var. A.Dovjenko adına Kiyev kinostudiyasında istehsal edilən “Meqapolis” filmində quruluşçu rəssam işləmişəm. Türkiyə kinematoqrafçılarının çəkdiyi üçseriyalı “5 nömrəli kameranın məhbusu” televiziya filmində həm quruluşçu rəssam olmuşam, həm də həbs düşərgəsi rəisinin müavini rolunu oynamışam.
   Bir neçə il bundan əvvəl televiziya ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş 12 seriyalı “Həqiqətin anı” televiziya filmi nümayiş etdirildi. Quruluşçu rəssam kimi ilk dəfə bu filmdə ulu öndərimizin “İş kabineti”, “Qəbul otağı”, “Liftdən çıxış”, “Heydər Əliyevin BMT-də çıxışı” dekorasiyalarını olduğu kimi qurmuşdum. Son illərin kino işlərindən “Niyyət” filmini və bu günlərdə təqdimatı keçirilən ““Əlavə təsir” filmini qeyd edə bilərəm. “Niyyət” filmini görənlər iki qəhrəmanın yaşadığı böyük evin çardağını yəqin ki, xatırlayırlar. Kinostudiyanın kiçik pavilyonunda iri ölçüdə hazırladığım çardaq naturadan heç nə ilə seçilmirdi. “Əlavə təsir” filmi xırda dəyişikliklərlə bütünlüklə interyerlərdə çəkilib. Filmdəki “Gizli laboratoriya”nı Bakının köhnə evlərinin birində qurmuşduq. Həmin evdə “Qətl” epizodu və daha bir neçə səhnə lentə alınıb.
   Bundan başqa “Mozalan” satirik kinojurnalının 100-dən artıq süjetinin və bir neçə klipin bədii tərtibatını vermişəm. Bir sözlə, iş çoxdur. Bir tərəfdən də yaş ötür. Buna baxmayaraq işləməkdən yorulmuram, əksinə zövq alıram. Çünki həvəs əvvəlki həvəsdir.
   - Müsahibə üçün çox sağ olun. Sizə cansağlığı və yaradıcılıq uğurları arzu edirəm.
   
   Aydın Kazımzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar