Milli Qəhrəmanın 60 illiyinə həsr olunan kitab işıq üzü görüb
   
   Qarabağ mövzusu, minlərlə vətən övladının yarımçıq qalmış ömür yolu, keşməkeşli taleləri heç vaxt unudulmur, ədəbiyyatın gündəmindən düşmür.
   “Yazıçı” nəşriyyatında şair, yazıçı-publisist Həsən Xasiyevin “Fəxrimiz Fəxrəddin” kitabı çapdan çıxıb. Kitab əslən Qusar rayonunun Gican kəndindən olan Milli Qəhrəman, şəhid pilot Fəxrəddin Musayevin (1957-1992) 60 illik yubileyinə həsr olunub. 
   Əsərdə qeyd olunur ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçən qusarlılardan biri - igid şahinimiz Fəxrəddindən danışmaq Vətən müqəddəsliyindən, torpaq sevgisindən danışmaq deməkdir. O, müharibəyə qəhrəman kimi döyüşməyə, hünər göstərməyə getmişdi. Axır nəfəsinə, son damla qanına kimi vuruşacağına, lazım gələrsə, canını vətən yolunda əsirgəməyəcəyinə and içmişdi. Andına kişi kimi sadiq qaldı. Amansız müharibə qəhrəmanın həyatdakı arzularına qovuşmağa imkan vermədi. İstək və arzuları ömrü kimi yarımçıq qalsa da, adı dillərə düşdü, qəhrəmanlıq salnaməmizə əbədi daxil oldu.
   Milli Qəhrəmanımızı daha yaxından tanımaq, tanıtmaq və böyüyən nəslə onun ömür yolundan ibrət götürməyi öyrətmək baxımından bu kitab böyük əhəmiyyətə malikdir. Arxiv sənədləri əsasında ərsəyə gətirilən kitabda qəhrəmanın uşaqlıq və gənclik illərinə, keçdiyi döyüş yoluna işıq salınmış, doğma və yaxınlarının acılı-şirinli xatirələrinə yer verilmiş, od-alov içində yaranıb bərkimiş əsgər dostluğu inandırıcı boyalarla əks olunmuşdur. 
   “Fəxrəddin” poeması qəhrəmanlıq mövzusunda yazılmış maraqlı və bitkin əsərlərdən biridir. Əsərdə Azərbaycan əsgərinə dərin rəğbət, qələbəmizə böyük inam hissi ifadə edilmişdir. Müəllif poemada eskadrilya komandiri, baş leytenant F.Musayevin 35 illik qısa və şərəfli ömür yolunu çox təsirli təsvirlərlə gözlərimiz qarşısında canlandıra bilmişdir.
   
   Canəli Hörmətov
   Qarabağ müharibəsi veteranı