“Olsun bizim bütün ellər Qurban Türkün bayrağına!” deyib qurban getmiş şərəfli bir ad
   
   O, insanlarla bahəm, Qara dənizi də Türkün bayrağına baxdırıb çırpındıranda, yəqin, Xəzər də Azərbaycanın “Bir daha enməz” üçrənglisini seyr edirmiş. Bu “yepyeşil” xoca öz milli qələmilə bütün Türk aləminə arxa-dayaq qardaşımızın - soy-kök “qaraçuxa”mızın şərəfini həmin misralarla nidalamaqla bahəm, öz milli sərhədlərimiz içərisindəki millətin qəlbini də “Azərbaycan!.. Azərbaycan!.. Ey qəhrəman övladın şanlı Vətəni!” Himni ilə çırpındırıb, düşmən üstünə həmlələyirdi...
   
   1915-ci ilin Novruz bayramında iyirmi üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt hadisə olmaya-olmaya, yasa batır. Nədən ki (evindən o yanaya yad kimi baxanlardan fərqli olaraq), həmin günlər rus və ermənilər işğal edib xarabazarlığa çevirdikləri Qarsda onun türk arkadaşlarını qılıncdan keçiribmişlər!..
   Bu, böyük sənət və millət şairimizin məfkurəsi, şeirlərinin çoxu da ki, dillər əzbəri... 
   Beləliklə, bu Vətəndaş-şairin oxucularımıza az bəlli olan dünyasından. 
   
   Xatirələr
   
   El ziyalısı Paşa Hüseynov yazırdı: “1900-cü illərin sonları Əhməd Cavadla qonşu və tay-tuş idik. Sənət məktəbində oxuyurdu. Gözaltısı olduğunu bilirdim; bir acar qızını sevirdi. Xəlvəti şeirlər yazır, amma gizlədirdi, heç kəsə oxumurdu. Utanırdı, çox həyalı, çəkingən oğlan idi. Amma bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim və hələ çoxlarının tanımadığı bu gözəl şairin toyunda yığcam bir sağlıq da söylədim. Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə apardı. Bir müddət Seyfəlidə (ata yurdu Mehrilidə) qonaq qalıb, yenidən Gəncəyə qayıtmışdılar”.
   Şükriyyənin atasının çox sərt, ötkəm adam olması, qızına vaxtında xeyir-dua verməməsi və yalnız 1936-cı ildə (kürəkəninin məhv edilməsinə bir il qalmış) qızının sorağı ilə Gəncəyə gəlib nəvələrilə görüşməsindən bəhs edən Gəncə sakini Hamlet Allahverdiyev: “Batumda Süleyman bəylə tanış olan Cavad onun Şükriyyə adlı qızına aşiq olur. Qız da şairi sevir. Mətləbi aşmağa ürək eləməyən Əhməd bunu yaxın dostu Əli Səbridən xahiş edir. Dostunun elçiliyini edən Ə.Səbri Süleyman bəydən soruşur: “- Cavad əfəndi nasıl biridi? - İyi, iyi! Gözəl şeirlər də yazıyor”. Bu cavabdan ürəklənən elçi məsələni açır, Əhməd Cavadın şiə olduğunu bilən sünni Süleyman bəy isə “mən qızılbaşa qız verməm” deyib-durur. Şükriyyə isə Cavad əfəndiyə qoşulub qaçır. Onlar gecəyarı Batumdan çıxıb Gəncəyə - dayım Məşədi Ağanın evinə gəlmişdilər. Anam danışardı ki, bir gün Cavad əfəndi 16-17 yaşında hündürboylu, ağbəniz, alagözlü, qıvrımsaçlı çox gözəl bir qızla bizə gəldi. Beş gün bizdə qalıb getdilər. 
   Anam, çoxlarının “ortaboylu” kimi xatırlatdığı Əhməd Cavadı da çox tərifləyərdi: “Hündürboylu, qonurgözlü, yaraşıqlı bir kişi idi bizim Cavad əfəndimiz! Gözəllər gözəli Şükriyyəylə bir-birilərini yaman sevərdilər...”
   
   “Yaddaş” tarixçəli bir şeiri...
   
   1936-cı il. Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda birgə işlədiyi bir müəllim yoldaşıyla şəhər bağında gəzişirkən həmsöhbətindən belə bir xahiş edir: “İndi sənə bir şeir verəcəm, onu əzbərlədikdən sonra cırıb atarsan”... 
   Uzun bir ömür yaşayan həmin müəllim də 1988-ci ildə (ölümünə bir az qalmış) oğlunu yanına çağırıb, o şeiri əzbərləməsini və yaddaşında saxlamasını tapşırır. 90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul - Fazil Məmmədov yaddaşındakı o şeiri dilinə də gətirib, ara-sıra məclislərdə səsləndirir və nəhayət, “Gəncəbasar” qəzetində çap etdirir. 
   68 ildən sonra üzə çıxan həmin şeiri ixtisarla oxucularımıza təqdim edək:
   
   Susmaram!!!
   
   Mən bir qulam, yük altında
    əzilmişəm, qardaşım,
   Sevinc bilməz bir məhkumam,
    ahu-zardır sirdaşım...
   
   Mənə “dinmə, sus!” - deyirsən,
    nə vaxtacan susacam?
   Böhranların, hicranların
    məhbəsində qalacam?!
   
   Niyə susum, danışmayım, 
   insanlıqda payım var,
   Mənim ana Vətənimdir
    talan olan bu diyar!
   
   Niyə susum, danışmayım?
    Türk yurdudur bu torpaq!
   Kimdir Oğuz-Elxanların
    Vətənində, kimdir, bax!?
   
   Mən bir qulam, yerim altun,
    suyum gümüş, özüm ac...
   Atam məhkum, anam salih,
    elim hər şeyə möhtac!
   
   Süd verirkən doğma anam
    belə demişdir mənə:
   Səni qurban bəsləyirəm
    Türk yurduna - Vətənə!
   
   Bu dünyada azadlığı
    şan-şöhrətdən üstün tut,
   Alçaqlığı, yaltaqlığı,
    rəzilliyi tam unut!
   
   Mən Azəri övladıyam,
    dərin əqlim, zəkam var,
   Nə vaxtacan çiynimizdə
    gəzəcəkdir yağılar?

   Nə qədər ki, hakimlik var,
    məhkumluq var - mən varam!
   Zülmə qarşı üsyankaram,
    əzilsəm də, SUSMARAM!!!
   
   Uzun illər könlündən bu sayaq poetik üsyanlar püskürmüş bir şair, əlbəttə, dövrün “siyasi lava”sına hədəf olmalı idi və -
   
   O gecə...
   
   O dövrün “boyuna biçilmiş” ənənəvi “təsvirat”la desək, gecənin müdhiş qaranlığı. İçərişəhərin dar küçələrilə hərəkət edən “M-1” Böyük Qala döngəsinin qarşısında dayanır. Maşından düşənlər qarşılarındakı evin qapısını döyür və içəridən eşitdikləri “kimsən” sorğusuna cavab vermədən, yenidən taqqıldadırlar. Yaşı qırxı keçmiş ev sahibi qapını açır və qarşısında meşin plaş geyinmiş iki iri cüssəli adam görür.
   “- Axundzadə sizsiniz? 
   - Hə.
   - Bizimlə getməlisiniz!..” 
   Hər cür maddiliklərdən daha çox tüğyan edən siyasi zülmün hökm sürdüyü bu ölkədə həbs-ölüm kabusunun adiləşdiyini yaxşı bilən və bunu hər an gözləyən şair nimdaş pencəyini çiyninə atırkən anasının ağlar, ömür-gün yoldaşı Şükriyyənin xoflu və hələ heç nə kəsdirə bilməyən uşaqlarının heyrət dolu gözlərinə təskin-təskin baxıb, əvvəlkilərdən fərqli bu həbsin gedər-gəlməz olduğunu bilsə də: “Bu da bir anlaşılmazlıqdır, hələlik...” - deyir və çarpayıda mışıl-mışıl yatan yaşyarımlıq Yılmazının alnından öpərək (və o gedən olaraq...) gedir.
   Sonralar Şükriyyə xanım xalq düşməninin həyat yoldaşı kimi həbs ediləcək, övladları (bir tale təsadüfi kimi, böyük oğulları Niyazidən başqa) Aydın, Tukay və Yılmaz uşaq evlərinə, müxtəlif əmək koloniyalarına veriləcək...
   
   Tahir Abbaslı