Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində görkəmli sənətkar, Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyi qeyd edilib.
Tədbirdə Xalq artisti Rafiq Əzimov, tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları qüdrətli sənətkarın həyat və yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, Üzeyir Hacıbəylinin qayğısı sayəsində sənətə gələn Ağasadıq Gəraybəyli teatrda 200-dən çox müxtəlif rolda çıxış edib. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy və digər yaddaqalan obrazlar yaradıb. Tədbir zamanı sənətkarın kino və teatrda ifa etdiyi obrazlardan parçalar ekranda nümayiş olunub.
Sonda Ağasadıq Gəraybəylinin nəvəsi Gəray Gəraybəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib.