Bir əsərin tarixçəsi 
   
   Zamanın axarında bir çox adların qan yaddaşımızda əbədilik qazanmasını təsadüfi saymaq olmaz. Əgər bunu Azərbaycanın şəhərlərinə aid etsək, onda ilk növbədə xalqımızın tarixində xüsusi yeri olan Şuşanın adını çəkməliyik.    
   Öncə yerləşdiyi məkanın unikallığı ilə diqqətçəkən bu şəhər bütün mənalarda çoxəsrlik tariximizin son bir neçə yüzilliyini elə bir əlçatmaz mənəvi dəyərlərlə zənginləşdirmişdir ki, onların hər biri barəsində saatlarla danışmaq olar. Dünyada “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” kimi tanınan qala-şəhərin özünəməxsus landşaftı burada yerli memarlara yaradıcı təxəyyüllərini qanadlandırmağa, təbii gözəlliyə əlavə rəng qata biləcək maraqlı tikililər ərsəyə gətirməyə imkan vermişdir. 
   Doğrudan da, şəhərin iyirmiyə qədər məhəlləsində yerləşən və milli memarlıq ənənələrimiz əsasında ucaldılan orijinal biçimli tikililər, Şuşanın və ətrafının gözoxşayan guşələri, o cümlədən Cıdır düzü, Daşaltı, “Xəzinə qala” mağarası və digər təbii gözəllik qaynaqları bura ayaq basan insanların heyrət qaynağına çevrilmiş, gördüklərini rəng və cizgilərlə ifadə edən rəssamları isə zaman-zaman ilhamlandırmışdır. 
   Rəssamların Şuşa ünvanlı əsərlərində bədii maraq tarixi həqiqətlərə hörmət hissi ilə çulğalandığından kifayət qədər maraq doğurur. Rus rəssamı V.V.Vereşaginlə (1842-1904) yanaşı, şuşalı Usta Qənbər Qarabaği (1830-1906) və onun qardaşı Səfərin, oğlu Şükürün, Mir Möhsün Nəvvab (1833-1918) və Xurşudbanu Natəvanın (1832-1897) bizə ərməğan qoyduqları sənət nümunələrində Şuşa həyatı öz əksini tapmışdır.
   XX-XXI əsrdə isə bunun ifadəsini Əmir Hacıyev, Toğrul Nərimanbəyov, Altay Hacıyev, Elturan Avalov, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, İlham Ənvəroğlu, Kamal Əhməd, Rövşən Bayramov, Firdovsi Atayev, İsa İbrahimov, Elşən Hacızadə, Zaur Şuşalı və Səyyar Əliyev kimi yaradıcıların ərsəyə gətirdikləri təsviri və tətbiqi sənət nümunələrində görmək mümkündür. Onların arasında memar-rəssam, Əməkdar incəsənət xadimi, professor Elturan Avalovun Şuşaya münasibəti digərlərindən fərqlənir, desək, yanılmarıq. Onun hələ gənclik illərində “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda yazdığı və 1973-cü ildə müdafiə etdiyi dissertasiya işində “Qarabağın incisi”nə maraq və məhəbbət sonrakı illərdə yaradılacaq çoxsaylı qrafik işlərin əsas leytmotivinə çevrilmişdir. 
   Əlavə edək ki, memar-rəssamın şəhərə sonsuz sevgisinin kökündə həm də anası Məhbubə xanımın əslən Şuşadan olması dururdu. Bir yaşından başlayaraq ömrünün müxtəlif illərini Şuşada keçirən və buranın hər məhəlləsinə bələd olan E.Avalov sonralar əslində özünün uşaqlıq və gənclik dövründə yaddaşına hopan təəssüratlarına bədii tutum vermişdir. Onun “şəhər-qala”nın memarlıq incilərinə yaradıcı memar-rəssam münasibətindən Şuşanın cəlbediciliyi və ecazkarlığı ilk baxışdan duyulan “memarlıq salnaməsi” yaranmışdır. 
   E.Avalovun “Şuşa” adlı qrafik silsiləsi qısa zaman distansiyasından belə tarixi mahiyyət daşıdığını təsdiqləmişdir. Çünki şəhərin 1992-ci ilin 8 mayında işğalından sonra burada əvvəllər rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin taleyindən tam xəbərimiz yoxdur. İndiki halda isə memar-rəssamın ərsəyə gətirdiyi bu qrafika nümunələri duyulası dərəcədə bədiiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan şaşırdıcı estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-1770-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahim Xəlil xanın qəsri, Xan sarayı, Saatlı məscidi, Mehmandarovların mülkü (XVIII əsr), Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər Ağa məscidi (XVIII-XIX əsrlər), Xurşudbanu Natəvanın evi (XIX əsr), Xurşudbanu Natəvanın tikdirdiyi karvansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşadan abidələrdəndir.
   Çox vaxt sənətkarlarımızın zamanında yaşadıqları dövrə “bədii güzgü” tutmaqda gecikmələrinin qarşılığında Elturan Avalovun ağ-qara cizgilərdən “boylanan” əsərlərini həm də onun yaradıcı-vətəndaş mövqeyinin nümayişi saymaq olar. Rəssamın Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiiliyin uğurlu sintezinin mövcudluğu yəqin ki, silsilənin əhəmiyyətini artıran amillərdəndir. Odur ki, tamaşaçı onların hər biri ilə üz-üzə, göz-gözə qalanda təkcə milli memarlarımızın yaradıcı təxəyyülünə heyranlığını ifadə etməyib, həm də daşlarda hifz olunan bənzərsiz gözəlliyi dərindən duymaqla, yaddaqalan biçimdə bədiiləşdirməyə nail olan rəssamın sənətkarlığını yüksək dəyərləndirirlər.
   Sayı 50-yə çatan və tuş-pero texnikasında ərsəyə gətirilən bu qrafik lövhələrdə Elturan Avalov dəst-xətti və ifadə üslubu kifayət qədər duyulandır. Hər bir motivi qeyri-adiliyi ilə seçilən cizgi improvizələri ilə gerçəkləşdirən rəssam müxtəlif formalı cizgilərlə sözün əsl mənasında “daşlaşmış poetika” kimi qəbul olunan milli memarlıq tikililərinə duyğulandırıcı estetik tutum bəxş etmişdir. Onun “Yuxarı Gövhər ağa məscidi” əsəri bunun əyani nümunəsidir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydanın mərkəzinə yaraşıq verən daş bulağın və bütün bu gözəlliyə rəng qatan yaşıllığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq şaşırdıcıdır...
   Eyni estetik təəssüratı onun böyük şövqlə yaratdığı “Zöhrabbəyovların evi”, “Gəncə qapısı”, “Mehmandarovların evi”, “Çuxur məhəllə”, “Xan evi”, “Bəstəkar Üzeyir Hacıbəylinin evi”, “Mamayi məhəlləsi”, “Şeytan bazarı”, “Xan qızı Natəvanın evi” və b. əsərlərindən də almaq mümkündür.
   Ağ-qara cizgilərlə memarlıq abidələrinin və onların ayrı-ayrı elementlərinin, təbiət motivlərinin, müxtəlif formalı ağacların daşıdığı estetik qaynağı üzə çıxarmaq, onun cəlbediciliyinə nail olmaq nə qədər çətin olsa da, Elturan Avalov bunu çox sənətkarlıqla həyata keçirmişdir. “Zöhrabbəyovların evi”, “Çuxur məhəllə”, “Mehmandarovların evi”, “Saatlı məhəlləsinin məscidi” və “Çuxur məhəllə meydanı” əsərlərindəki ağacların təqdimatındakı şaşırdıcı rəngarənglik kimi, “Gəncə qapısı”, “Xan Şuşinskinin evi”, “Mircanlı məhəlləsi”, “Aşağı Gövhər ağa məscidi”, “Xan evi” lövhələrində müxtəlif formalı daşlardan “boylanan” gözəllik qabarıq və yaddaqalandır. 
   Ən qəribəsi isə rəssamın hər bir əsərdə tətbiq etdiyi çoxsaylı cizgi improvizələrinin və incəliklərinin bədii bütövlüyünə nail olmasıdır. Qənaətimizcə, məhz cizgilərin ritminin və axıcılığının bir araya gətirilməsi sayəsində tamaşaçısını ovsunlayan bu bütövlüyə nail olunmuşdur.
   Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışan Elturan Avalov yarıməsrlik tarixi olan Şuşa sevgisini bu gün də yaşatmaqdadır. Onun yeni yaratdığı əsərlər də bunu təsdiqləyir. Rəssam-memarın ən böyük arzusu Azərbaycanımızın bu ayrılmaz parçasında yerli sənətkarların əli ilə yaradılmış memarlıq tarixini, onun bədiiləşmiş “daş möcüzəsi”ni dünyaya göstərməkdir...
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru