Tiranadakı Albaniya Baş Arxivlər İdarəsinin şöbə müdiri, tarix elmləri doktoru Entella Meço ölkələrarası əlaqələrin genişlənməsi üçün Albaniya-Azərbaycan Dostluq Elmi-Mədəni Dərnəyini qurub. Hər dəfə Azərbaycana gələrkən AMEA Folklor İnstitutunun qonağı olan Entella Meço budəfəki gəlişində dərnəyin nəşr etdiyi “Albanlar və Azərbaycan” qəzetinin ilk sayını da gətirib. 
   Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu qəzetin nəşrə başlaması münasibətilə qonağı təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. 
   Söhbət zamanı Azərbaycan-Albaniya elmi-mədəni əlaqələrinin genişləndirilməsi, hər iki xalqın folklorunun, xüsusən də Albaniyadan toplanmış mifik mətnlərlə Azərbaycandan toplanmış mifik mətnlərin müqayisəli öyrənilməsinə diqqətin artırılması planlaşdırılıb. 
   
   S.Qaliboğlu