Yazıçını, şairi xalqa sevdirən, xatirəsini qəlblərdə yaşadan şərtlərdən biri onun doğma torpağa, vətənə ürəkdən bağlılığıdır. Belə qələm sahiblərindən biri şair, yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev olub.
Məmmədhüseyn Molla Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonunun Gürdəsər kəndində anadan olub. Atası İraqın Nəcəf şəhərində 25 il ali ruhani təhsili almış, dini dəyərlərin qorunmasına böyük səy göstərmişdi. Ölkəmizdə sovet hakimiyyəti qurulanda Güney Azərbaycana mühacirət edir, Ərdəbilin Camahiran kəndində məskunlaşır. Lerikdə yaşayan ailəsi mövcud rejim tərəfindən repressiyaya məruz qalır. Evi, şəxsi kitabxanası ailəsindən alınaraq məktəbə verilir, əlyazmaları və kitabxanası isə məhv edilir.
Məmmədhüseyn Əliyev 1940-cı ildə orta məktəbi bitirib Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini başa vurur və bir müddət müəllim işləyir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix-fəlsəfə fakültəsində təhsil alır. Tələbəlik dövründən maraqlı məqalələrlə mətbuatda çıxış edir. O, poeziyada da qələmini sınayır. İlk dəfə “Səs verirəm” şeiri 1947-ci ildə Lerikdə “Kolxoz yolu” qəzetində dərc olunur.
Jurnalist olmaq həvəsi onu Bakı Dövlət Universitetinə gətirir. Jurnalistika ixtisası üzrə təhsilini 1954-cü ildə başa vurur. 1955-ci ildən nəsr əsərləri yazmağa başlayır və özünə “Qail” təxəllüsü götürür. Pedaqoji fəaliyyətlə bərabər bədii yaradıcılığını da davam etdirir. “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” adlı roman və hekayələri işıq üzü görür. “Prokuror”, “Ana fəryadı” və s. pyesləri N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulur.
Müəllifin “Dağlar oğlu” romanı “Azərbaycan gəncləri” qəzetində hissə-hissə dərc olunub. Roman oxucular tərəfindən maraqla qarşılanır. Xüsusilə, respublikanın cənub bölgəsində əl-əl gəzir. Kitabda bölgənin təbiəti, etnoqrafik mənzərələri, xalqın adət və ənənələri bədii boyalarla əks olunub. Əsərin qəhrəmanı o zaman həyatda yaşayan Lerik rayonunun Pirasora kənd sakini, 150 ilin şahidi Mahmud Eyvazovdur. O, dünyanın maraq göstərdiyi şəxs, planetin ən yaşlı sakinlərindən biri olub. Roman çap olunandan sonra dünyanın bir çox ölkəsindən Mahmud Eyvazovla maraqlananlar yazıçıya məktub yazıb, uzunömürlülüyün sirləri ilə tanış olmaq üçün ondan məsləhət istəyiblər. Yazıçı da hər bir məktuba cavab yazıb. Məhz bu marağa cavab olaraq yazıçı əsərin ikinci hissəsini - “Dağda bahar”ı qələmə alıb.
M.Əliyev 1988-ci ildə İraqın “Əl-əhram” qəzetində dərc edilən “Ey ana Bağdad” şeirinə görə Ərəb ölkələri poeziya festivalının mükafatını alıb. 1992-ci ildə isə respublikanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Onu da qeyd edək ki, fədakar yazıçı 1960-cı ildən Lənkəranda Təngivan, Digah kənd orta məktəblərində direktor, Lənkəran Tibb Texnikumunda müəllim, Lənkəran Pedaqoji Texnikumunda direktor müavini işləyib. Lənkəran Radio verilişləri redaksiyasında məsul redaktor olub, ictimai-siyasi məzmunlu materiallar hazırlayıb. 1982-ci ildə Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin məsul katibi seçilib.
Yazıçı, şair, pedaqoq Məmmədhüseyn Əliyev 6 iyul 1994-cü ildə vəfat edib.
Savalan Fərəcov