Mayın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
   Görüşdə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.
   Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq onların Bakıya ilk səfərindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə uzun müddətdir ki, əməkdaşlıq edir: “Bizim çox ciddi, güclü, maraqlı təşəbbüslərimiz var. Bununla bağlı İslam ölkələrinin turizm nazirlərinin Bakıda görüşü oldu. Bu görüş, eyni zamanda bizim əməkdaşlığımızın başlanğıcı idi. 2006-cı ildən bəri birgə çox mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir”.
   İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmin gün Azərbaycan Prezidenti ilə görüşdüyünü diqqətə çatdıraraq dedi ki, görüşdə siyasət, turizm və digər sahələrlə bağlı müzakirələr apardıq. Qonaq vurğuladı ki, Azərbaycan müxtəlif əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və islam ailəsinin çox mühüm üzvüdür. Baş katib ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini də vurğuladı.
   Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
   
   Lalə