Tvinninq layihəsi üzrə növbəti treninq
Mayın 2-də Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində muzey işçiləri üçün “Dəyişikliyin gətirdiyi çətinliklər: XXI əsrdə muzeyin idarə edilməsi” mövzusunda təlim kursu başlayıb.
Tədbiri Tvinninq layihəsinin Azərbaycandakı italyan koordinatoru Alessandro Bianki və nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev açıb.
Seminar-treninqdə strateji planlaşdırma, sərgilərin təşkili, heyətin idarə edilməsi, muzeylərdə sosial məsuliyyət və marketinq kimi mövzular daxil olmaqla muzey idarəçiliyi müxtəlif aspektlərdən təsvir ediləcək.
Təlimdə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu muzeyləri, Qala Dövlət tarixi-etnoqrafik qoruğu, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət, Tarix, Teatr, İstiqlal, Musiqi Mədəniyyəti muzeyləri, Muzey Mərkəzi, Bakıdakı bir sıra ev və xatirə muzeylərinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edir.
Üçgünlük treninqin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.