“Bütün dinlər sülhə, əmin-amanlığa, yüksək əxlaqa çağırırsa, bu onların ortaq nöqtələridir”
Mayın 4-də Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” devizi ilə keçirilən Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə keçirilir.
Forum çərçivəsində UNESCO-nun dinlərarası və mədəniyyətlərarası dialoq üzrə həmsədrlərinin II Akademik forumu keçirildi. UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif çıxış edərək qonaqları salamladı.
Daha sonra çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin işinə uğurlar arzuladı. Bildirdi ki, II Akademik forumun yenidən Bakıda təşkil olunması ürəkaçan hadisədir: “Biz bu toplantıya böyük önəm veririk. Əslində bu fakt kafedra rəhbərlərinin şəbəkələşməsində böyük rol oynamışdır. UNESCO-nun bu sahədə işini dəstəkləyirik. Bu həmçinin “Bakı prosesi”nin elmi araşdırılması və dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir”.
Nazir müavini qeyd etdi ki, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən mədəniyyətlərarası dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində həmin ilin 2-3 dekabr tarixində Bakıda Avropa Şurasının üzv dövlətləri mədəniyyət nazirlərinin iştirak etdiyi “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans keçirilib. “Bakı prosesi”nin davamlılığı məqsədilə 2009-cu ildə ölkəmizdə İslam ölkələri mədəniyyət nazirlərinin 6-cı konfransı təşkil edilib: “Bu tədbirlərdə Avropa və islam dövlətlərinin nümayəndələrinin bir arada iştirakı mədəniyyətlərarası və dinlərarası dialoqa bir körpü oldu. Bu həm də yeni ənənələr demək idi. Bunun davamı olaraq 2010-cu ilin sentyabrında BMT-nin baş assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü”.
Diqqətə çatdırıldı ki, “Bakı prosesi” çərçivəsində 2011, 2013 və 2015-ci illərdə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. Dünyanın 170-dək ölkəsindən nümayəndələr, tanınmış şəxsiyyətlər, elm adamları bu toplantılara qatılaraq mədəniyyətlərarası dialoqa öz töhfələrini vermişlər.
Sevda Məmmədəliyeva UNESCO-nun II Akademik forumunda da maraqlı müzakirələrin olacağına, mədəniyyətlərarası və dinlərarası dialoqa öz töhfələrini verəcəyinə inamını ifadə etdi.
UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşif qeyd etdi ki, bir çoxları UNESCO-nu sadəcə mədəni irsi qorumaqla məşğul olan bir təşkilat hesab edir: “Lakin bu qurumun strategiyası əslində humanitar sahədəki problemlərlə bağlıdır. Dinlərarası və mədəniyyətlərarası dialoqda akademik və təhsil proqramlarına gəldikdə isə, bunları birlikdə hazırlamaq vacibdir. Həmin proqramları universitetlərdə həyata keçirə bilərik. Düşünürəm ki, belə təhsil proqramları cəmiyyətdə maraqla qarşılanacaq”.
Akademik forumun şəbəkəsinin genişləndiyini diqqətə çatdıran Nada Əl-Naşif mədəni yaxınlaşma üçün hərtərəfli dəstəyin vacibliyindən söz açdı: “Əgər bu dəstək olmasa, zəruri əhəmiyyətli işlərin miqyası da genişlənməz. Məhz bu dəstək nəticəsində akademiyanın işi müsbət şəkildə irəliləyir. 2015-ci ildə Bakıda keçirilən görüşdən sonra əlaqələndiricilərimin şəbəkəsi yarandı. Bu fəaliyyətin nəticəsi olaraq “Multikulturalizm yolların kəsişməsi” adlı kitab işıq üzü gördü. Təşkilatımız sivilizasiyalar, insan hüquqları, təhsil sahəsində mövcud problemləri aktual şəkildə həll etməyə çalışır”.
UNESCO rəsmisi vurğuladı ki, mədəniyyətlərarası dialoqun formalaşmasında bütün təcrübələrdən istifadə edilməlidir. Miqrasiya, təhsil, sosial-iqtisadi proqramlara böyük ehtiyac var. Məhz bu səbəbdən forum çərçivəsində 11 görüş nəzərdə tutulub: “Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyil. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən, bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, deməli, bu onların ortaq nöqtələridir”.
Lalə