“Ölkəmiz Şərqlə Qərbi birləşdirən layihələrdə fəal iştirak edir”
Mayın 4-də Bakı Konqres Mərkəzində IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “onlayn” platforması beynəlxalq şəbəkəsinin III toplantısı keçirildi.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov ölkəmizin Şərq və Qərb arasında tarixən körpü rolunu oynadığını bildirdi. Qeyd etdi ki, bu rol bu gün də ən yüksək səviyyədə davam etdirilir. Bunu Bakının və digər şəhərlərimizin həm müasir, həm də tarixi arxitekturasında mədəniyyətlərin harmoniyasında görmək olar: “Azərbaycan multikulturalizmin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq dördüncü dəfədir ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Ölkəmiz dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. “Bakı prosesi” dünyanı narahat edən problemlərin müzakirə olunduğu qlobal bir platformaya çevrilib”.
Vurğulandı ki, qədim İpək Yolu Azərbaycan tarixində zəngin irs qoyub. Ötən əsrin sonlarında tarixi İpək Yolunun mədəni əhəmiyyəti yenidən artmağa başladı. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək Yolunun bərpası məqsədilə konfrans keçirilib və TRACECA kimi iri layihənin əsası qoyulub. Bu gün də Azərbaycan Şərqlə Qərbi birləşdirən layihələrdə fəal iştirak edir, həmçinin bir sıra böyük layihələrin təşəbbüskarıdır.
Bildirildi ki, qədim İpək Yolu ticarət əhəmiyyətli olmaqla yanaşı, xalqları və sivilizasiyaları da birləşdirir. Azərbaycan öz coğrafi mövqeyi ilə bu tarixi yolda hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bakı, Şəki, Şamaxı, Gəncə kimi şəhərlərdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyətlərini, dinlərini bölüşməklə sülh içində yaşamanın örnəyi olublar.
UNESCO-nun insan hüquqları üzrə attaşesi Liliya Çauşeva toplantıda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən söz açdı: “Bakıda fikirlərimizi çatdırmaq, müzakirələr aparmaq üçün gözəl imkan yaradılıb. Biz problemlərin həlli yollarını axtarmalıyıq. Dünyanın simasını dəyişməyə çalışmalıyıq ki, hər şey daha yaxşı olsun. Bu baxımdan dialoq, qarşılıqlı anlaşma, hörmət vacib amillərdəndir. Burada texnologiyaların inkişafı da mühüm rol oynayır”.
Toplantı İspaniyanın Valensiya şəhərində keçirilmiş ikinci iclasda hazırlanmış 2016-2018-ci illər üzrə Fəaliyyət planının həyata keçirilməsi məsələlərinin müzakirəsi ilə davam etdi.
Fariz