Prezident IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli qonaqlarını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
Görüşdə Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
Nassir Abdulaziz Al-Nasser deyib: BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda burada Sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada Sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk.
Dövlətimizin başçısı xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğulayıb, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
* * *
Prezident İlham Əliyev mayın 4-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini də qəbul edib.
Görüşdə İSESCO-nun Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təsisçisi və fəal iştirakçısı olduğu, tədbirin keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.
Görüşdə, həmçinin Azərbaycan ilə İSESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb, İSESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri İSESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verib.