Mayın 3-də Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Cövdət Hacıyevin 100 illiyinə həsr edilən tədbir keçirildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq bəstəkarın yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, professor Cövdət Hacıyevin milli simfonizmin təşəkkül tapmasında, inkişaf etdirilməsində xüsusi rolu olub. O, Bakıda Musiqi Texnikumunda oxuyub, sonra Moskvada ali musiqi təhsili alıb. Onun yaradıcılığı Ü.Hacıbəyli və D.Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova bildirdi ki, C.Hacıyev Azərbaycanın musiqi mədəniyyəti tarixində şərəfli yer tutan böyük şəxsiyyətlərdəndir. Onun bənzərsiz yaradıcılığı yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.
Çıxışlardan sonra sənətkarın oğlu - Əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Hacıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirdi.
Sonra söz musiqiyə verildi. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı maraqla qarşılandı.
S.Fərəcov