Xəbər verdiyimiz kimi, Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində muzey işçiləri üçün “Dəyişikliyin gətirdiyi çətinliklər: XXI əsrdə muzeyin idarə edilməsi” mövzusunda təlim kursu keçirilib.
Üç gün davam edən treninqin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Layihənin koordinatoru Alessandro Bianki və nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, təlimçi-ekspert, Milan Pinokateka Brera Qalereyasının və Braidense Kitabxanasının baş direktoru, muzeyşünas Ceyms Bredbern təlim kursu ilə bağlı təəssüratlarını bölüşərək tədbirə qatılan muzey rəhbərlərinə və əməkdaşlarına təşəkkürlərini bildiriblər.
İştirakçılar bu kimi praktiki treninqlərin gələcəkdə də keçirilməsinin, o cümlədən İtaliya muzeyləri ilə təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Təlim kursunda strateji planlaşdırma, sərgilərin təşkili, kadr siyasəti və idarəçiliyi, muzeylərdə sosial məsuliyyət və marketinq kimi mövzular daxil olmaqla muzey idarəetməsinin müxtəlif aspektləri iştirakçılara təqdim edilib.
Treninqdə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu muzeyləri, Qala Dövlət tarixi-etnoqrafik qoruğu, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət, Tarix, Teatr, İstiqlal, Musiqi Mədəniyyəti muzeyləri, Muzey Mərkəzi, Bakıdakı bir sıra ev və xatirə muzeylərinin nümayəndələri iştirak edib.