“Müxtəlif mədəniyyətlər ideyasının təşviq edilməsi qlobal sülh və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur”
Mayın 6-da Dördüncü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində III Nazirlər görüşü keçirildi. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə Forumun əhəmiyyətindən söz açıldı.
Görüşə 40-dək ölkənin mədəniyyət və turizm nazirlərinin, nazir müavinlərinin qatıldıqlarını bildirən Əbülfəs Qarayev vurğuladı ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Ölkəmizin 2017-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına sədrlik etdiyini diqqətə çatdıran nazir əlavə etdi ki, BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq inkişaf naminə davamlı turizm ili” elan edib. Bu çərçivədə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluğun artırılması və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək.
“Turizmin tolerantlığa, qarşılıqlı anlaşmaya, xalqlar arasında dialoqu dərinləşdirməyə necə töhfə verməsi məsələsi hazırda çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. Müxtəlif mədəniyyətlər, inklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur”, - deyə Əbülfəs Qarayev bildirdi.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müzakirələri diqqətlə dinlədiyini bildirdi: “İnsanlar arasında təhlükəsizliyin təmin edilməsi üçün bütün resursların, o cümlədən turizmin rolu böyükdür. Bunlar daha parlaq gələcəyin qurulması üçün vacibdir. Bu gün dünya görünməmiş sülh və təhlükəsizlik çağırışları ilə üzləşir. Bu, bizdən həmrəylik tələb edir və insan hüquqlarının qorunması baxımından önəmlidir”.
Ali nümayəndə 2030-cu ilə qədər BMT-nin “Dayanıqlı inkişaf məqsədləri ilə bağlı gündəliyi”nin qəbul edilməsinin tarixi hadisə olduğunu dedi. Bildirdi ki, bu məqsədlərə yalnız güclü beynəlxalq əməkdaşlıq, yenidən qurulmuş tərəfdaşlıq sayəsində nail olmaq mümkündür. Qadınlar, qızlar cəmiyyətin bütün işlərində iştirak etməlidirlər. Gənclərin təhsil alması vacib məsələlərdəndir. Münaqişəyə məruz qalmış cəmiyyətlərdə təhsili inkişaf etdirmək, məşğulluğu təmin etmək lazımdır. Sosial ədalət, razılıq, harmoniya birbaşa insanla bağlı məsələlərdir.
Belə bir mötəbər tədbirin dördüncü dəfə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən UNESCO-nun baş direktoru İrina Bokova qeyd etdi ki, artıq Forum dünyanın ən vacib tədbirlərindən birinə çevrilib: “Biz 20 il əvvəlki dünyadan fərqli, qlobal dünyada yaşayırıq. Dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri humanitar, sülhsevər qüvvələr bir yerdə müzakirə etməlidir. Müharibə, zorakılıq münaqişələrin həll yolu deyil. Bunu artıq siyasi qüvvələr də başa düşür. Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu yolla münaqişələrin qarşısını ala bilərik”.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə məhsuldar əməkdaşlığın qurulduğunu vurğuladı: “Mədəniyyət hər bir millətin tarixidir. Bu və ya digər cəmiyyətin quruluşunu öyrənmək üçün onun mədəni irsinin elementlərinə diqqət yetirmək lazımdır. Turizm isə bu irsi bölüşən vasitədir. Bu gün biz yeni iqtisadi mühitdə yaşayırıq. Yəni bu, yeni xidmətlər, idman, yaradıcı sektorlar, mədəniyyət və turizm deməkdir. 2016-cı ildə 1 milyard 800 milyon insan turizm məqsədləri ilə səfər edib. Hazırda turizm dünyada 3-cü yer tutan sənaye sahəsinə çevrilir. Eləcə də sosial inklüzivlik və yoxsulluğun azaldılmasında, iş yerlərinin açılmasında turizmin rolu böyükdür. Mədəni müxtəliflik, mədəni dəyərlər, mədəni irs sahəsinə turizmin töhfəsi böyükdür. Mədəni irs elə şəkildə təqdim edilməlidir ki, hər hansı dövlətin simasına zərər dəyməsin”.
Bu gün dünyada baş verən problemlərin yalnız belə forumlarda həllini tapa biləcəyinə inamını ifadə edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Bakı Forumunun işini yüksək dəyərləndirdi. Dünyada turizmin artan önəmindən danışan nazir bildirdi ki, mədəniyyət və turizmi bir-birindən ayırmaq mümkün deyil. Çünki turistlər mədəni dəyərlərə önəm verir və səyahət etdikləri ölkələrin tarixi və mədəni sərvəti ilə xüsusi olaraq maraqlanırlar. Bu baxımdan da mədəni dəyərləri qorumaq və təbliğ etmək olduqca vacibdir.
Türkiyəli nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının reallaşdırdığı “Müasir İpək Yolu” turpaketi barədə məlumat verdi, dörd ölkəni (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan) əhatə edə layihənin ilk sınaq turunun başa çatdığını dedi. Bildirdi ki, 2023-cü ilədək 1 milyondan çox turistin bu paketdən yararlanması nəzərdə tutulur.
Azərbaycanın Rusiya Federasiyasında səfiri Polad Bülbüloğlu çıxışında mədəniyyətlərarası dialoqun sülhü irəliyə doğru aparan bir vasitə olduğunu vurğuladı: “Bakıda - doğma şəhərimdə böyük qürurla çıxış edərək deyirəm ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsinin vacibliyinə inanıram. Bu gün dünyada hərbi münaqişələr, zorakı ekstremizm, terror, yoxsulluq problemləri ilə qarşılaşırıq. Habelə təhsil elm, mədəniyyət sahəsində də böhran müşahidə olunur. Qeyri-sabitliyi yaradan münaqişələrin səbəblərindən qurtarmaq üçün beş mühüm meyara - elm, kommunikasiya, informasiya, təhsil və mədəniyyətə diqqət yetirmək vacibdir. Dialoqun gücü qlobal səviyyədə nümayiş etdirilməlidir. Bəyanatlarla kifayətlənməməliyik. Hərəkət etməsək dayanıqlı inkişaf təmin edilə bilməz. Azərbaycan davamlı inkişaf məqsədlərinin ideallarına bağlı olan ölkədir və humanitar sahədə görülən tədbirlərlə haqlı olaraq fəxr edir”.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, İraqın mədəniyyət, turizm və əntiq naziri Firyad Hassan, Kenyanın idman, mədəniyyət və incəsənət naziri Hassan Arero, Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Tugelbay Kazakov tarixi və mədəni abidələrin qorunması sahəsində görülən işlərdən danışdılar.
Geniş fikir mübadiləsinin aparıldığı görüşün sonunda yekun bəyanat qəbul edildi.
Fariz