Forum çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda panel keçirildi. 
   UNESCO-nun Gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçən toplantıda çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, təhsil davamlı inkişafın təməl sütunudur. O, diqqətə çatdırdı ki, müsəlman dünyasında qızlar üçün ilk məktəb Azərbaycanda açılıb. Şərqdə ilk opera yazan qadın azərbaycanlı olub. İlk dəfə olaraq qadınlara səsvermə hüququ da Azərbaycanda verilib. Azərbaycanda təhsil almış qız təhsilli ailə deməkdir. Bu gün ali məktəblərdə təhsil alanların 70 faizini qızlar təşkil edir. 
   Efiopiyanın birinci xanımı Roman Tesfaye vurğuladı ki, təhsil sadəcə insanların rahat yaşaması üçün vacib deyil. Xüsusilə də təhsil qızlar üçün həm maliyyə qazanması, həm də yoxsulluqdan çıxmaq üçün əhəmiyyətlidir.
   Malinin birinci xanımı Keita Aminata Maiga bildirdi ki, ölkələrində qızların təhsil alması istiqamətində islahatlar aparılır. Ekstremizm şəraitində qızların oğurlanması, onlara qarşı zorakılıq məsələləri artıb. Belə hallar qızların təhsil almasını çətinləşdirir. 
   Ruandanın birinci xanımı Janet Kagame ölkəsində baş verən soyqırımı haqda danışdı. Dedi ki, bu qırğınlar zamanı eyni zamanda minlərlə qadın sistematik zorakılığa məruz qalıb.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, biz gənc nəsillərə doğru səmt seçməyə dəstək oluruq, çətinliklərə qarşı mübarizədə qızların nailiyyətlərini görmək istəyirik. Bu səbəbdən hökumət üçün yüksək təhsilin təmin olunması əsas prioritetdir. Ölkəmizdə qızlar uşaq evlərini tərk etdikdən sonra tam təmirli ev və işlə təmin olunurlar. Biz qızların sahibkarlıq təşəbbüslərini görmək istəyirik. 
   Panel müzakirələrlə davam etdi. 
   
   Lalə