Mayın 6-da Forum çərçivəsində növbəti panel sessiya “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusuna həsr olunmuşdu.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək siyasi, iqtisadi, milli və dini zəmində narahatlıqlar yaşanan zəmanəmizdə Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini yüksək dəyərləndirdi. Bildirdi ki, müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan bütün dünyaya göstərir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa qadirdir. 
   Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkəmizin tarixən çoxmədəniyyətli bir diyar olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Ulu öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olunub.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verdi ki, hazırda Azərbaycanda 2 mindən çox məscid, 7 yəhudi sinaqoqu, 13 xristian kilsəsi fəaliyyət göstərir, 760-dək dini icma qeydiyyatdan keçib. Onların sərbəst şəkildə fəaliyyət göstərməsi dinlərarası harmoniyanın göstəricisidir.
   Cənubi Baptist Kilsəsinin Xristian Bel-El Mərkəzinin pastoru Xuan Karlos Mendez, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı filialının rəhbəri Aureliya Qriqoriu, Humanitar və Texnologiyalar üzrə Lusofon Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Teresa Damasio, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq (Rusiya) filialının rəhbəri Aleksandr Nesterov Azərbaycanda mövcud olan multikultural və tolerant mühitdən danışdılar. Bildirildi ki, Azərbaycanın multikultural dəyərləri öyrənilməli və dünya praktikasında istifadə edilməlidir. 
   
   Lalə