Mayın 5-də Bakı Konqres Mərkəzində IV Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirildi.
   Sessiyanın moderatoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, dünyada ziddiyyətlərin artdığı bu ağır dövrdə problemlərə yeni yanaşma vacibdir: “Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz nə edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq. Bu istiqamətdə parlamentlərin fəaliyyəti mühümdür”.
   Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd ölkəsinin Afrika və ərəb mədəniyyətinin qovşağı olduğunu dedi: “Parlamentlər mədəniyyətlərarası dialoqun bərqərar olmasında əvəzsiz rol oynaya bilər. Biz təmsil etdiyimiz xalqların baxışlarını nəzərə alaraq ən mütərəqqi ideyalardan istifadə edərək mədəniyyətlərarası dialoqu təmin etməliyik”.
   Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa töhfələrindən danışdı. 
   Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd etdi ki, mədəniyyətlərdə bizi birləşdirən dəyərləri axtarmalıyıq. Biz bir-birimizdən çoxlu şeylər öyrənə bilərik. Qloballaşma nəticəsində udan və uduzan olmamalıdır. 
   Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi vurğuladı ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə də təsir göstərir. 
   Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur dedi ki, biz mədəniyyətlər arasında körpülər tikirik. Parlamentlər bu körpülərin inşasında əsas rol oynamalıdır.
   ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer ölkəsində islamofobiyanın yayılmasından təəssüfünü ifadə etdi: “Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər və etiqadlararası münasibətlərin gözəl nümunəsidir. Mən bunu ABŞ-da təbliğ edən bir insanam”.
   
   Fariz