IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mayın 6-da keçirilən plenar sessiyalarından biri "Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının Mədəni marşrutlar şəbəkəsi" mövzusuna həsr olunmuşdu.
   Sessiyada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın qədim tarixə, çoxsaylı tarixi-mədəni abidələrə və zəngin təbii potensiala malik olduğunu diqqətə çatdırdı. Nazir müavini həmçinin Azərbaycan-Gürcüstan Transsərhəd marşrutunun əhəmiyyətini də vurğuladı.
   Avropa Şurasının “Mədəni marşrutlara dair Genişləndirilmiş çərçivə sazişi”nin icra katibi Stefano Dominioni mədəni marşrutların əhəmiyyətindən söz açdı. "Müqəddəs Olavın Yolları" təşkilatının nümayəndəsi Hans Morten Lovrod Müqəddəs Olavın irsindən və təşkilatın Norveçdə dialoq və qarşılıqlı anlaşma ilə əlaqədar fəaliyyəti haqqında geniş məlumat verdi.
   Avropa Şurasının “Mədəni marşrutlarının tarixdən əvvəlki qayaüstü incəsənət nümunələri şəbəkəsi”nin nümayəndəsi Ramon Montes “Azərbaycanda qayalar üzərində incəsənət mədəni marşrut”unun bu şəbəkəyə qoşulduğunu diqqətə çatdırdı, bununla bağlı sertifikatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim etdi. 
   Nazir Əbülfəs Qarayev bildirdi ki, qayaüstü rəsmlərlə bağlı marşrut Azərbaycana çoxlu turistlər cəlb edəcək. Qeyd olundu ki, forumda iştirak edən qonaqlar tədbir çərçivəsində Qobustan qayaüstü təsvirləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Sessiya R.Montesin dünya üzrə qədim qayaüstü rəsmlərlə bağlı təqdimatı ilə davam etdi. 
   “İter Vitis mədəni marşrutu” idarə heyətinin üzvü Emmanuel Panke marşrut haqqında məlumat verdi. Bildirdi ki, 2007-ci ildə yaradılan marşruta həmin ildən Azərbaycan da tərəfdaş olaraq qoşulub. 
   “The Routes of the Olive Tree” şəbəkəsinin nümayəndəsi Denis de Ruz aqroturizm marşrutlarının turistləri cəlb etməsindən söz açdı. Şərabçılıq və üzümçülük plantasiya sahələrinin aqroturizmi təbliğ etməsi və bu marşruta Albaniya, İtaliya, Makedoniya, Xorvatiya və digər ölkələrin daxil olduğu diqqətə çatdırıldı. Qafqazda bu sahənin inkişafı üçün böyük imkanların olduğu vurğulandı. 
   
   Lalə