Mayın 5-də Forum çərçivəsində keçirilən daha bir plenar sessiya “Kiber mühitdə ekstremizmlə mübarizənin aspektləri: gənclərin zorakılığa aparan radikallaşması” mövzusundan bəhs edirdi.
   Sessiyanın moderatoru, UNESCO-nun Rabitə və informasiya sektoru Universal giriş və mühafizə bölməsinin rəhbəri Boyan Radoykov bildirdi ki, müasir dünyada gənclər hər gün internetdə saatlarla vaxt keçirir. Bu eyni zamanda ciddi fəsadlar doğura biləcək məqamdır. Çünki hazırda sosial şəbəkələr vasitəsilə ən çox gənclər radikal ekstremizmə cəlb edilir. UNESCO-nun səyi nəticəsində “facebook”da radikal ekstremizm təbliğatı aparan 325 min istifadəçinin hesabı bağlanıb. 
   Qrenadanın UNESCO yanında daimi nümayəndəsinin müavini, “Information for All Programme” (IFAP) proqramının rəhbəri Çafika Haddad qeyd etdi ki, informasiya güc mənbəyidir. Müasir texnologiyalar ölkələrin bir-birinə yaxınlaşmasında, mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır. Lakin radikal ekstremizmə meylli qruplar bundan təhlükəsizliyi pozmaq üçün istifadə edirlər. UNESCO-nun təşkilatçılığı ilə iyun ayının əvvəlində Parisdə kiber mühitdə ekstremizmlə mübarizə ilə bağlı konfrans təşkil ediləcək. 
   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirdi ki, ölkəmizdə müxtəlif xalqlar sülh şəraitində yaşayır, milli və dini tolerantlıq hökm sürür. Radikal ekstremizm konkret etnik qrupa xas olmasa da, bundan bütün ölkələr əziyyət çəkir.
   Misirin UNESCO yanında daimi nümayəndəsi Mohamed Sameh Amr, Gənclərin məlumatlandırılması və təlimi üzrə Afrika QHT-sinin Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel Da Hien müzakirə edilən məsələlərin əhəmiyyətindən danışdılar. Vurğulandı ki, radikal ekstremizm bəlasının qarşısını almaq üçün əməkdaşlıq çərçivəsində mübarizə aparılmalıdır. Radikal ekstremizm ən çox yoxsulluq, işsizlik olan və təhsilin zəif inkişaf etdiyi ölkələrdə yayılır. Bu problemlə mübarizədə internetdən düzgün istifadə edən gənclər də böyük rol oynaya bilərlər. 
   Sonda məruzəçilər Forumda belə bir layihənin təbliği üçün imkan yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər. 
   
   L.Azəri