İşıq selinin altında gül dəstəsi, İçərişəhərin dolanbac küçələri, təlatümlü dəniz, çobanyastığı, qızılgül, güldanda qoyulmuş güllər, yağlı boya ilə çəkilmiş rəsmlər, natürmortlar, qrafika nümunələri... Gənc rəssamların Ə.Əzimzadə adına bağda nümayiş olunan əl işlərinin əsas mövzularını belə ümumiləşdirmək olar.
Azərbaycan təsviri sənətinin cığıraçanlarından olan Əzim Əzimzadənin (1880-1943) 137 illiyi münasibətilə təşkil olunan ənənəvi tədbiri böyük rəssamın ev-muzeyinin direktoru İradə Əzimzadə açaraq iştirakçıları salamlayıb. Xalq rəssamı Arif Hüseynov ilk sənət addımlarını “Molla Nəsrəddin” jurnalının səhifələrində atan karikaturaçı-rəssamın həyat və sənət yolu barədə danışıb. Gəncə şəhərindən gənc rəssam Səbinə İbrahimovanın çəkib göndərdiyi Əzim Əzimzadənin portreti rəssamın ev-muzeyinə hədiyyə olunub.
Bibiheybət qəsəbə Mədəniyyət evinin uşaqlardan ibarət rəqs qrupunun və gənc müğənnilərin ifaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sərgidə Xalq rəssamı Ağaəli İbrahimovun tələbələrinin, eləcə də Şüvəlandan olan gənc rəssamların akvarel və yağlı boya ilə işlənmiş əsərləri nümayiş olunub. Gül-çiçək rəsmləri Ə.Əzimzadə bağına əsl bahar təravəti gətirib.