Mayın 6-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr edilən “Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçirildi.
Tədbiri Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov açaraq 25 ildir əsirlikdə qalan Qarabağdan, Şuşadan və talan olan milli sərvətlərimizdən bəhs etdi.
Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Şuşanın sənət incilərindən, əbədiyaşar sənətkarlarından və bu yaxınlarda ABŞ-da bir erməninin satmaq istədiyi Qarabağ xalçasından danışdı. Bildirdi ki, milli sərvətlərimiz işğalçılar tərəfindən oğurlanaraq ötən illərdə dünyanın müxtəlif şəhərlərində erməni sərvəti kimi təqdim edilir və satılır. Bu yaxınlarda bir Qarabağ xalçası ABŞ-ın Los-Anceles şəhərində hərraca çıxarılıb. Orada yaşayan həmyerlimiz Elşad Tahirov xalçanı hərracdan alaraq Bakıya göndərib. Hərracda “Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə onun azərbaycanlı toxucusunun “Anasından yadigar ad günü hədiyyəsi” sözləri var...
Qeyd edildi ki, bu gün xarici ölkələrdə təkcə Azərbaycan xalçaları deyil, digər sənət nümunələrimiz də erməni mədəniyyət nümunələri kimi təqdim edilir.
Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova çıxışında Şuşa şəhərinin milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olduğundan danışdı. Bildirdi ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb. Üzeyir bəy Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. İşğal nəticəsində bu memarlıq abidələri dağıdılıb, talan edilib.
Tədbirdə daha sonra Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Zahid Abbasov, yazıçı-publisistlər Şəfəq Əlixanlı, Əməkdar jurnalist Flora Xəlilzadə və başqaları Şuşanın mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında fikirlərini, Şuşa ilə bağlı xatirələrini bölüşdülər.
Savalan Fərəcov