...Redaksiyalara göndərilən press-relizlərdə də, afişada da elə bu cür yazılmışdı: 85 yaşlı teatrın 60 yaşlı aktyoru. Yəqin ya afişaya yerləşməmişdi, ya da təvazökarlıq etmişdilər. Hər nə idisə, aktyorun 45 illik iş stajı barədə afişada heç nə yazmamışdılar. 
   Söhbət A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, 60 illik ömrünün 45 ilini bu sənət ocağına həsr etmiş Əməkdar artist Rəhman Rəhmanovun yubiley tədbirindən gedir. 
   Bu qədər yetkin yaşlı insana kukla teatrının elə kukla malikanəsini xatırladan məkanında yalnız böyüklər üçün tamaşalar oynanıldıqda rast gəlmək olar. Əslində yubiley tədbirinə gələnlərin çoxu valideyn olsa da, balalarının əlindən yapışıb bura gəlsələr də, bu günün balacalarının "Rəhman baba" çağırdığı aktyor həm də onların uşaqlığının tanış və doğma siması, "Rəhman əmi"si idi. Teatrın direktoru Rəşad Əhmədzadə artıq bir növ silsilə şəklində davam edən 60 illik yubiley mərasimində səbəbkarı səhnəyə dəvət edərək, Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının aktyoru təltif etdiyi fəxri fərmanları ona təqdim etdi. YAP Səbail rayon təşkilatının nümayəndəsi Zəfər Bayramov yubilyarı fəal ictimaiyyətçi kimi səciyyələndirərək, təşkilat adından təbrik etdi. 
   Sonra məclisə gələn hər kəsi salamlayan və təşəkkür edən yubilyar sözünü uzatmadı. Bağlanmış pərdəyə baxaraq sözünün davamını orada deyəcəyinə işarə etdi. 
   Çox populyarlıq qazansa da, heç vaxt doğma teatrını başqa kollektivə dəyişməmiş aktyorun isə səhnədə deyiləsi sözü doğrudan da az deyildi. Əvvəlcə "O olmasın, bu olsun"dakı Məşədi İbad kimi səhnəyə çıxan aktyor Rəhman Rəhmanov və aktyor həmkarları hər səhnəcikdən sonra qiyafələrini dəyişdikdə tamaşaçılara aktyorun yaradıcılıq yolundan bəhs edən slayd-şou, videomateriallar, onunla birlikdə çalışmış teatr və televiziya rejissorlarının fikirləri, artıq tarixə çevrilmiş məşhur tamaşalardan səhnələr nümayiş etdirilirdi. Hərçənd səhnəyə çıxan nağıl qəhrəmanlarının hamısı - "Qoğal"ın baş qəhrəmanı, "Pişiyin evi"ndəki Anqor pişiyi və Vasili pişik, "Gözəl və Bədheybət"dəki Gözəl, Bədheybət və digər qəhrəmanlar, "Qırmızıpapaq"dakı ovçular, "Tıq-tıq və Taq-taq"da Tıq-tıq xanımla Siçan bəy, "Buratino"dakı Bazilio pişiklə Alisa tülkü - hamısı aktyor Rəhman Rəhmanovun yubileyi şərəfinə mətnə əl gəzdirmişdilər. Əslində Rəhman müəllim özü də yubileyini qrimdə, kuklaçı aktyorun səhnə geyimində qeyd edirdi. 
   Kukla teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" uşaq teatr studiyasının "Sarıköynək" xalq mahnısının melodiyasına yazılmış yeni təbrik mətnini - "Sağ ol, ay Rəhman baba" kimi xorla oxuması da tədbirə əsl uşaq sevinci qatdı. Deməli, Rəhman Rəhmanov onu təkcə salondan seyr edən balacaların deyil, həm də səhnədə məharətini göstərən balaların da sevimlisidir. Xalq artisti, müğənni Heydər Anatollu da sənət dostunu mahnı ilə təbrik etdi. 
   Yubiley tədbiri teatrın aktyorları ilə “Oyuq” studiyası üzvlərinin ifasında sənət ocağının 85 illiyi münasibətilə bəstələnmiş "Bizim kukla teatrı" mahnısı ilə başa çatdı. 
   * * * 
   Kukla teatrında çalışmaq, kuklaçı aktyor olmaq səhnə sənətinin bu çətin yolunu seçmiş aktyordan təkcə istedad yox, həm də səbir, hövsələ, digər aktyorlara nəsib olan üzdən tanınmaq, daha tez populyarlıq qazanmaq istəyindən vaz keçməyi tələb edir. Əgər bütün bunları bacara biləcəksənsə, deməli, uğur da, şöhrət də səni tapacaq və ... tərk etməyəcək. Çünki bir zaman səni səhnədən görüb bəyənən tamaşaçının övladı, nəvəsi bu məhəbbəti nəsildən-nəslə ötürəcək. Eynilə aktyor Rəhman Rəhmanovun taleyində olduğu kimi. 
   
   Gülcahan Mirməmməd