Mayın 11-də Azərbaycan İstiqlal Muzeyində IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən “Sülh oyunları” adlı sərgi-tədbir keçirildi.
   Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, şair-publisist Fəsih Əlioğlu, rəssam Elnurə İsgəndərova və başqaları çıxış etdilər.
   Çıxışlarda 12-22 may tarixində paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən söz açıldı. Diqqətə çatdırıldı ki, bu mötəbər yarışlarda 20 idman növü üzrə 50-dən çox dövlətin 3 minədək idmançısı iştirak edəcək. Bakıya gələn qonaqlar xalqımız, mədəniyyətimiz, tariximiz, incəsənətimiz barədə məlumatlarla tanış olacaqlar.
   Sonra tədbir iştirakçıları “Sülh oyunları” adlı sərgi ilə tanış oldular. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin əl işləri yer alıb.
   Təhsil Nazirliyinin Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
   Sonda sərginin iştirakçılarına təşəkkürnamələr təqdim olundu.
   
   S.Fərəcov