Prezident yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.
Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid mühazirə ilə çıxış edib. Tədbirdə millət vəkili Sona Əliyeva, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, bölgənin media təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Növbəti mühazirə İsmayıllı rayonunda təşkil edilib. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva tədbirdə çıxış ediblər. İnteraktiv formada keçən tədbirdə yerli ziyalıların rəyləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Mühazirələr silsiləsindən daha iki tədbir Quba və Astara rayonlarındakı Heydər Əliyev mərkəzlərində keçirilib.