Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə tədbirlər keçirilib.
Əcdadları vaxtilə Cənubi Qafqazda, əsasən Azərbaycanın bugünkü Göygöl rayonunda məskunlaşmış almanların qatıldığı toplantıda ölkəmizdə alman irsinin qorunub saxlanması istiqamətində görülən işlər müzakirə edilib. Prezident İlham Əliyevin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair imzaladığı sərəncam diqqətə çatdırılıb.
Sonra şəhər Diyarşünaslıq muzeyində almanların Azərbaycanda həyatını əks etdirən “İtirilmiş izlər. Qafqaza şvab köçü. 1817” adlı fotosərginin açılış mərasimi və elmi konfrans keçirilib.
Roytlinqen şəhərinin meri Robert Han, Helenendorf (Göygöl) almanlarının indiki nəsillərinin sözçüsü Qizela Rasper, Diyarşünaslıq muzeyinin direktoru Verner Ştröbele, Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux tədbirdə çıxış ediblər.
Sonda pianoçu Aleksandr Raytenbaxın ifasında musiqi nömrələri səsləndirilib.