Borçalı aşıq mühitinin yetirməsi, gənc aşıq Ramin Qarayev Moskvada solo konsert proqramı ilə çıxış edib. Aşıqlar Birliyindən verilən məlumata görə, indiyədək aşıqlarımızın xarici ölkələrdə çıxışları çox olsa da, bu, ilk solo konsert idi.
Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan konsertdə Ramin Qarayev 20-dən çox aşıq havasını ifa edib, “Hüseyn və Reyhan” dastanından bir parçanı söyləyib.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı tədbirdə çıxış edərək Azərbaycan aşıq sənətindən söz açaraq, bu sənətin beynəlxalq aləmdə daha yaxından tanıdılmasında belə konsert proqramlarının əhəmiyyətini vurğulayıb.
Tədbirdə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə və diaspor nümayəndələri də iştirak ediblər.