IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi ecazkar görüntülərlə yadda qaldı
Son bir neçə ildə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışların gerçəkləşdiyi Azərbaycan paytaxtı mayın 12-dən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən əsas amil də bu sahədə qazanılan təcrübədir.
Oyunlarda 54 ölkədən 3 mindən çox idmançının, mindən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Oyunların proqramına 165 idman yarışı daxildir.
İslam həmrəyliyi zamanın çağırışıdır
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb”.
Bakı Olimpiya Stadionunda möhtəşəm açılış mərasimi
IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən təntənəli açılış mərasimi də öz möhtəşəmliyi ilə yüksək təşkilatçılıq və peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirdi. Qeyd edək ki, icraçı prodüseri Katrin Uqvu, bədii rəhbəri Neytan M.Rayt olan açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib. Bakı Olimpiya Stadionu mayın 12-də ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilmişdi.
Stadionda hündürlüyü 28 metr olan iki minarə qurulmuş, minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunmuşdu. Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilirdi.
Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünürdü. Balaca qız Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəldilər. Ekranda Alov qüllələri, Qız qalası, Filarmoniya bağı, Heydər Əliyev Mərkəzi, nəhayət, Olimpiya Stadionu canlandı. Uşaqlar 10-dan 1-ə geriyə saymağa başladılar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları salamladılar.
Bəstəkar Eldar Mansurovun “Yallı”sı səsləndi. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxdı. Onlar əllərində parıldayan altıbucaqlı tutmuşdular. Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqasəsi onlara qoşuldu.
Səhnədə aypara və ulduzlar formalaşdırıldı, “Bakı-2017”nin loqosu nümayiş etdirildi. Altıbucaqlar Azərbaycan bayrağına çevrildi. Azərbaycan bayrağı dövlət himninin sədaları altında stadiona gətirildi, Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırıldı.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.
Su səyahətinin sonu və atletlərin paradı
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərildi. Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə edib.
Suları toplayan 16 uşaq səhnəyə çıxdı. Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltdılar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başladı. Beləliklə, Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatdı.
Nəhayət, atletlərin paradı başladı. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil oldu. İdmançıları əlində lövhə tutan oğlan və mis qabda sudaşıyan qız müşayiət edirdi.
Tribunaların önündən Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor (Qəmər) Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən komandaları keçdi. Nəhayət, stadiona Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil oldu. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Yeri gəlmişkən, atlet sayına görə ikinci yerdə Türkiyə komandasıdır - 385 nəfər. İran, İndoneziya, Kamerun və digər ölkələr də geniş heyətlə təmsil olunurlar.
Azərbaycan idmançılarının tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunurdu. Bununla da, idmançıların paradı başa çatdı.
İslam aləmi Bakıda bir araya gəlib
Sonra mərasim stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi ilə davam etdi. Bayrağı Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirdilər.
Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək iştirakçı və qonaqları salamladı: “Biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik”.
Mehriban xanım Əliyeva idmançılara müraciətlə dedi: “Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. On gün ərzində ölkəmiz sizin eviniz olacaq. Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda - IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib. Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxışında möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidentinə və ölkə hökumətinə dərin minnətdarlığını bildirdi. O, həmçinin gənclərin inkişafı və idmanın təşviqi sahəsində yorulmaz fəaliyyətinə və səylərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya dərin təşəkkürünü və ehtiramını ifadə etdi.
Bildirdi ki, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması ilə üst-üstə düşür və bu, ölkənin multikulturalizmin gücləndirilməsində, eləcə də mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində fəal iştirakını nümayiş etdirir.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.
Daha sonra atəşfəşanlıq başladı və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurdu.
Keçmişə ehtiramla gələcəyə doğru
Əlində mis səhəng tutan qadın səhnəyə daxil oldu. Sonra sudaşıyan 56 qadın da ona qoşuldu. Onlar İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzv ölkəsini təmsil edərək suyu siniyə tökdülər və nəticədə gözəl fəvvarə alındı. İslam aləmi bununla rəmzi olaraq birləşdi. Bu səhnə mərasimi Oyunların proqramında “Birlik” adı ilə təqdim olundu.
“Harmoniya” adlanan növbəti süjetdə Mina adlı bakılı qız babası ilə səhnəyə çıxdı. Minanın babası rolunu Xalq artisti Nurəddin Mehdixanlı canlandırırdı. Bakının Filarmoniya bağından görüntülər ekrana gəldi. O, parkı dolanaraq ətrafdakı insanlara təbəssüm və nur bəxş etdi. Baba nəvəsinə deyir: gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edir.
120 səhnə iştirakçısı, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya qoşuldu. Nəhəng ekranda animasiyalar maraqlı kinokadrlara qədər proyeksiyalar əks olundu. Bu səhnələri Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları müşayiət edirdi.
Minanın hekayəti “Özünəməxsusluq” adlı hissə ilə davam etdi. Qızcığaz öz çərpələngində Bakıdan uzaqlara uçdu. Qobustanın qayaüstü rəsmlərini, Atəşgah məbədini və Yanardağda alovlanan əbədi odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək üçün əfsanələr dünyasına qədəm qoydu. Simurq lələyinin birini Minaya verdi ki, dara düşəndə bu lələyi yandırsın və bir göz qırpımında yeni sehrli dostu köməyinə yetişsin. Əllərində od olan 20 səhnə iştirakçısı iki su hovuzunda buta fiquru formasında alov cərgəsi yaratdı. Niyazinin “Rast” simfonik muğamı bu səhnəyə əlavə rəng qatdı.
Azan səsi və “İslamın qızıl dövrü”ndən səhifələr
Sonra ekrana Xəzər üzərində Ayın əksi gəldi, muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayıldı. Bu, azan səsi idi. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollandı. Bu süjet “İnanc” adı daşıyırdı.
Stadiondakı ekranda gündəlik həyatın bir hissəsi olan ənənələrə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film nümayiş olundu. Filmin çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılıb. “Paklıq” adlı bu süjet boyu Ceyn Antoniya Kornişin və Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səsləndi.
Minanın yeni macərası başladı. O, keçmişə yollandı və dünyanı gəzib-dolaşaraq cəsur səyyahlarla görüşdü, yaraşıqlı günbəzlərə baxdı, dahi şairləri gördü, planetimizdən kənar kainatı seyr etdi və ilk mexaniki cihazlarla tanış oldu. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan “İslamın qızıl dövrü”nün xəzinələri sırasındadır.
“Bilik” adlanan bölümdə 570 iştirakçı çıxış edirdi. Mərasimin bu hissəsinin canlandırılmasında 40-dan artıq heyvandan - at, dəvə və ulaqlardan istifadə olundu. Tarixi səhnələr zamanı Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi səsləndirilirdi.
İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticarət yolları şəbəkəsi ilə yayılan mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşürdülər. Oyunlarda təmsil olunan hər bir xalqın mədəni irsindən götürülmüş elementlər - personajlar, tematik əşyalar, rekvizitlər və geyimlər səhnəyə çıxarılır və ekranda göstərilirdi. Onların arasında xalçalar, parçalar, musiqi alətləri, miniatürlər, kitablar, çay, qəhvə, fənərlər, meyvələr, zinət əşyaları və s. var idi. Eyni zamanda Azərbaycanın üç ənənəvi musiqi aləti - balaban, kamança və nağara nümayiş etdirildi.
Ədəbiyyat, mədəniyyət, elm
Mərasimin “Ədəbiyyat” bölümündə səhnəyə üç böyük kitab fiquru çıxarıldı. IX-XIII əsrlərdə biliyin yayılması və inkişafında mühüm rol oynamış düşüncə və fikir mərkəzi olan Bağdaddakı “Hikmətlər Evi” barədə məlumatlar silsilə kitablarda qeyd olunur. Səhnədə nümayiş etdirilən həmin kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlamətinin ifadəsi idi.
Sonra səhnədə Günəş, Yer kürəsi, Ay və planetlərdən ibarət Günəş sisteminin böyük modeli yaradıldı. Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası üzərində ulduz xəritələri təsvir edilmiş geyimlərdə səhnəyə çıxdı. Səhnə üzərində Günəş doğdu.
Stadionun səhnəsində 90 çarx, o cümlədən velosiped çarxları göründü, hündürlüyü 9 metr olan fil saatı nümayiş etdirildi. Bu çarxlar “Qızıl dövr”ün mexaniki ixtiralarına işarə idi. XI əsrə qədər bütün İslam dünyasında su dəyirmanları işləyirdi. Su turbinlərinin ixtirası bir çox sənaye əməliyyatlarının mexanikləşdirilməsinə imkan yaratdı. Fil saatı səhnədə görünəndə bütün hərəkət bir anlıq dayandı. Uçan çərpələngində oturmuş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atdı və fil saatı işə düşdü. Bununla da “Bilik” mərasimi yekunlaşdı.
Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin musiqisi altında xüsusi geyimlərdə çıxış etdi. Qəfildən qopan qum fırtınası səhnədəki hər şeyi süpürüb apardı.
Mina yolu azdı və səyahəti zamanı ilk dəfə qorxmağa başladı. Lakin Simurqun lələyi Minanın köməyinə gəldi və onun sehrli dostu ildırım sürəti ilə şığıyaraq qızcığazın imdadına yetişdi. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq ulduzlara çatdı.
Mədəniyyət və inanc, irs və biliklər onun qəlbini sevinc hissləri ilə doldurur - bütün bunlar bu macəra zamanı onun daimi yol-yoldaşı gözəl çərpələng sayəsində mümkün olur. Mina babası haqqında düşünür və onun üçün darıxmağa başlayırdı, çünki evə qayıtmaq vaxtı artıq yetişmişdi. “Sevinc” adlı bu səhnə Üzeyir Hacıbəylinin “Aşıqsayağı” simfoniyasının sədaları ilə müşayiət olundu.
“Sülh” səhnəsi ilə yekunlaşan səyahət
Mina çərpələngində Bakı üzərindən uçaraq, doğma şəhərinin yeni simasını seyr etdi. Oynadığı gözəl şəhər parklarından başqa, bir çox digər tarixi və yeni möhtəşəm binalara baxdı. Şəhərin mərkəzindəki möhtəşəm tarixi saraylar və qüllələr, eləcə də müasir mədəniyyət, idman və əyləncə məkanları göz önündən gəlib keçdi. Onun gələcəyi buradır. Bura Minanın evi - ümid yeridir.
“Ümid” adlı bu səhnənin nümayişi zamanı Qara Qarayevin “Yeddi gözəl” valsı səsləndi.
Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçdu. Azərbaycan bayrağının rənglərində - yaşıl, qırmızı və göy çalarlarda olan kiçik altıbucaq çərpələnglər auditoriyanın başı üzərində dalğalandı. İyirmi nəfər odla hərəkətlər edirdi. “Yanar çarx”da 10 səhnə iştirakçısı fırlanırdı. Səhnədə quraşdırılmış iki nəhəng hovuzdan su fəvvarəsi yüksəldi. Yerdə və havada “yanar çarx” fırlandı, stadion üzərində atəşfəşanlıq başladı. Minlərlə kiçik altıbucaq çərpələng Vasif Adıgözəlovun “4-cü piano konserti” musiqisinin sədaları altında tamaşaçıların üzərinə səpələndi.
Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatdı. Mina bu hekayətin başladığı məkana - Filarmoniya bağına qayıtdı, babası ilə görüşdü. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlandı. Tamaşaçılar Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında qızcığaz və babası ilə vidalaşdılar.
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitdi. Bakının bahar səması əlvan rənglərə boyandı.