Prezident İlham Əliyev mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan əhəmiyyətli işlər görüldü.
Sərəncamda vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə xarici təcavüz nəticəsində süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, müstəqillik arzularının güclənməsi və yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.