Molla Pənah Vaqif - 300 
   
   
   Tarixi şəxsiyyətlər barədə yazılan hər hansı bədii əsər həm də öz müəllifinin təxəyyülünün, münasibətinin və ərsəyə gəldiyi dövrün möhürünü daşıyır. Əgər müəllifin münasibəti və təxəyyülü gerçək bir insanın ədəbi əsərdə davam edən taleyinə bədiilik qatmağa kömək edirsə, dövrün ideoloji tələbinə uyğunlaşdırma vəziyyəti bir qədər qəlizləşdirir. 
   Gələn il ilk dəfə tamaşaya qoyulmasının 80 illiyini qeyd edəcəyimiz "Vaqif" dramı da belə bir tale yaşayıb: əsər şair-dramaturq Səməd Vurğunun görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifə bəslədiyi münasibətin, digər tərəfdən isə yarandığı dövrün hakim siyasi-ideoloji xəttinin bariz nümunəsidir. 
   Bu yazıda "Vaqif" dramının yaranma səbəbləri, müəllifin əsərdə öz qəhrəmanına və böyük xalq şairinə heyran münasibətinin qaynaqları, ya da əsərin nəyə görə məhz o dövrdə yaranmasına dair fərziyyələri çözmək fikrində deyilik. Niyyətimiz pyesin tamaşasında Vaqif obrazını yaratmış bir neçə aktyorun ifasından bəhs etməkdir. 
   
   Vaqif möhürü, yoxsa... 
   
   Adətən, teatr tənqidçiləri və tarixçiləri "Vaqif" pyesindən danışarkən bu əsərin teatrda yarandığını dönə-dönə vurğulayırlar. O zaman hələ kifayət qədər gənc olan, lakin gənc yaşından qat-qat böyük sənət missiyası yerinə yetirən Səməd Vurğun və artıq bir neçə tamaşası ilə yadda qalmış rejissor Adil İsgəndərovun birgə gərgin əməyi, günlərlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı iş otağına qapanaraq ərsəyə gətirdikləri "Vaqif" gözləntiləri aşdı. O zaman, yəni 1938-39-cu teatr mövsümündə 32 yaşlı müəllif və 28 yaşlı rejissor daha bir riskə getdilər. Pyesin baş qəhrəmanı təxminən 80 yaşlı şair, Qarabağ xanının vəziri Vaqif obrazı (tarixi xronologiyanı nəzərə alsaq, əsərdə göstərilən hadisələr baş verən zaman şair təxminən 77-80 yaşında olub) görkəmli aktyor, Azərbaycan teatr sənətində "səhnə danışığı" fənninin təməlini qoymuş, Naxçıvanda, Gəncədə çalışmış, filmlərdə çəkilmiş Kazım Ziya ilə yanaşı 28 yaşlı Ələsgər Ələkbərova da həvalə edilir. Düzdür, o zamanadək Ələsgər Ələkbərov da artıq bir neçə filmə çəkilmişdi, üstəlik, teatrda Kərəməli, Heydər bəy (M.F.Axundzadə, "Hacı Qara"), Maqduf (U.Şekspir, "Ledi Makbet") kimi fərqli xarakterlər yaratmışdı. Onunla birgə çalışan rejissorlar da bilirdilər ki, Ələsgər Ələkbərov xarakterik rolları sevir və bu tip rolları oynamağı bacarır. O zamankı sənətsevərlərin və teatr insanlarının yaddaşında Ələsgər Ələkbərov sənətkarlığı iki hissəyə bölünür: Vaqifə qədərki Ələsgər və Vaqifi oynayan Ələsgər. 
   O dövrün teatrında çox dəbdə olan monumentallıq, pafosla danışıq tərzi əslində inkar edilən "sənət sənət üçündür" prinsipinin təsdiqi idi. Tamaşaya salondan baxan seyrçi aşkar dərk edirdi ki, ona göstərilən həyat deyil, tamaşadır və o, səhnədə cərəyan edən hadisələrin tamaşaçısından başqa bir kəs deyil. Lakin quruluşçu rejissorun məharəti və aktyorların istedadı, rol üzərində işi o səviyyədə olmalı idi ki, tamaşaçı gördüklərini öz içindən keçirə, obrazları sevə biləydi. Adil İsgəndərovun uğurlu yozumu və Ələsgər Ələkbərovun ilhamla yaratdığı Vaqif məhz tamaşaçının qəlbinə yol tapa bilmişdi. 
   Təəssüf ki, "Vaqif" pyesinin ilk quruluşunun tam lent yazısı yoxdur. Bu gün bizim həmin tamaşa barədə təəssüratımız yalnız təkəm-seyrək xatirələrdən, bir də oxuduqlarımızdan ibarətdir. Biz həmin tamaşada Fatma Qədri və Mərziyyə Davudovanın (Xuraman), Əzizə Məmmədovanın (Tükəzban), Əli Qurbanovun (Vidadi), Ağasadıq Gəraybəylinin (İbrahim xan) və digər aktyorların ifası barədə göz və səs yaddaşımıza əsaslanaraq fikir yürütmək imkanından məhrumuq. Lakin ara-sıra televiziya ilə nümayiş etdirilən bir neçə dəqiqəlik lent Ələsgər Ələkbərov ilə Qacar rolunun ifaçısı Sidqi Ruhullanın öz obrazlarına sərf etdiyi enerjinin, hissin hətta televiziya ekranından adama sirayət edən çəkisi həmin tamaşanın seyrçisinin nə qədər zövq aldığını anladır.
   Vaqif obrazı aktyor Ələsgər Ələkbərova böyük şöhrət və xalq məhəbbəti qazandırıb. Görkəmli aktyor demək olar ki, 1963-cü ildə vəfat edənədək bu rolun əvəzsiz ifaçısı olub. Bəs Vaqif Ələsgər Ələkbərovdan nələri alıb? Görkəmli aktrisamız Barat Şəkinskaya hər dəfə sənət dostu Ələsgəri yadına salanda deyərdi ki, Vaqif möhürü daşıyan aktyor ömür boyu çox arzuladığı komik rollara həsrət qalıbmış. Vaqiflə başlayan lirik-mübariz baş qəhrəman rolları silsiləsi digər teatr rejissorlarına Ələsgər Ələkbərovun aktyorluq istedadını başqa tərəfdən göstərmək cəsarəti verməyib. 
    
   Sənətkar imzası, rejissor diktəsi 
   
   Çox maraqlıdır ki, Ələsgər Ələkbərovun vəfatından və Adil İsgəndərovun Akademik Milli Dram Teatrından gedişindən sonra da "Vaqif" pyesi repertuardan çıxarılmır. Vaqifi hələ Ələsgər Ələkbərovun sağlığında özünü baş rolda sınamış görkəmli aktyorlar Rza Əfqanlı və İsmayıl Dağıstanlı oynayıblar. Hətta 1966-cı ildə Səməd Vurğunun 60 illik yubileyi ilə əlaqədar tamaşadan 9-cu şəkil lentə alınıb. Həmin lent yazısında Vaqifi Rza Əfqanlı ifa edib. Ötən əsrin 70-80-ci illərində "Vaqif" tamaşası ara-sıra yenə repertuara qayıdıb, amma Adil İsgəndərovun quruluşu yenilənməyib, nə də potensial baxımından adıçəkilən korifey sənətkarlarımızdan heç də geri qalmayan aktyorlar - Həsənağa Turabov və Səməndər Rzayev də Ələsgər Ələkbərovun Vaqif obrazına yansıtdığı cazibənin təsirindən çıxa bilməyiblər. 
   Görünür ki, həmin Vaqifin cazibəsindən çıxmaq üçün "Vaqif"in rejissor yozumu dəyişməliydi: yozumun dəyişməsi isə müəllif mətnini fərqli tərzdən "oxuyub" çatdırmağı tələb edirdi. 
   
   Bu günün "Vaqif"i
   
   Ötən teatr mövsümündə S.Rəhman adına Şəki Dövlət Dram Teatrı Səməd Vurğunun "Vaqif" dramına müraciət etdi. Tamaşaya elə ilk yaradıcılıq addımlarını Şəkidə atmış, hazırda Moskvada yaşayan rejissor, Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayev quruluş vermişdi. 
   Bəri başdan deyək ki, pyesin mətninə xeyli əl gəzdirilmiş, əsərdəki bütün qadın obrazları çıxarılmış, süjetdəki bütün yanaşı xətlər: qadın-kişi sevgisi, xalq ilə hakimiyyət arasında uçurum, ailə çərçivəsində xəyanət xətləri aradan qaldırılaraq, bir tərəfdən Rusiyaya birləşmək məcburiyyəti, digər tərəfdən də Qacarın işğalı arasında çabalayan Qarabağ xanlığının taleyi qabardılmışdı. Təbii ki, əsərdəki baş qəhrəmanın obraz yükü də tamamilə dəyişmişdi. Bu üzdən də Əməkdar artist Əbülfət Salahov istəsəydi belə, onun Vaqifi korifey aktyorların yaratdığı Vaqifə oxşaya bilməzdi. Obrazın dramaturji yükü, əsərin xalqın sevimli şairinin başında dolanan şəxsi qovğaların büsbütün ictimailəşməsi bizi başqa bir Vaqiflə tanış etdi. 
   
   Sabah bizə "Vaqif" lazımdırmı? 
   
   Ola bilsin ki, bu suala "yox" cavabı verənlər təsdiq cavabı verənlərdən çox olsun. Hər iki tərəfi qınamaq olmaz. Sadəcə, "lazımdır" deyənlər gərək bir məqamı gözləsinlər ki, dramatik teatrda monumentallıqdan dünya çoxdan əl çəkib, səhnədə pafos, sərt hərəkətlər dövrü bitib və bütün bunları sevən, qavrayan tamaşaçı demək olar ki, qalmayıb. 
   Əlbəttə, çox yaxşı olardı ki, böyük şair, Azərbaycan ədəbi dilini maksimal saflaşdıran Molla Pənah Vaqifin 300 illik yubileyi ilində ölkə teatrlarında, ya da televiziya kanallarında onun taleyinin, yaradıcılığının əks olunduğu yeni tamaşalar qurulsun, təzə əsər yoxsa, Vaqifin həyatının Şuşa dövrünün ən gerçək bədii əksi olan Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanı səhnələşdirilsin, ya da roman əsasında mini serial çəkilsin.
   * * *
   Biz arzumuzu bildirdik. Onu həyata keçirmək üçünsə təkcə bu gün yox, həm də gələcək üçün işləməyi planlayan ssenaristlər, rejissorlar, prodüserlər düşünsün. 
   
   Gülcahan Mirməmməd