Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov mayın 26-dan 31-dək Moskvada gerçəkləşəcək ənənəvi beynəlxalq rejissorluq laboratoriyasında iştirak edəcək.
M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Rusiya Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın budəfəki mövzusu “A.P.Çexovun “Üç bacı” pyesinin üzərində iş zamanı tətbiq edilən analiz metodu”dur.
B.Osmanov “K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi” və “2009-2019-cu illər Azərbaycan teatrı - beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar” mövzularında çıxış edəcək, həmçinin “Üç bacı” pyesinin təhlili prosesində yaxından iştirak edəcək.