Nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Altay Məmmədov fəaliyyət göstərdiyi bütün sahələrdə uğurları ilə yadda qalıb.
   Altay Yusif oğlu Məmmədov 15 may 1930-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhər 4 saylı fəhlə-gənclər məktəbində alıb. Güzəranın çətinliyi üzündən bir müddət saatsaz şagirdi, usta köməkçisi işləyib. 
   Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (GDPİ) Dil-ədəbiyyat fakültəsinə qəbul olunur. Təhsilini fərqlənmə diplomla başa vurur, institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim saxlanılır. Tələbəlik dövründə “Kirovabad kommunisti” qəzetində korrektor, ədəbi işçi kimi çalışır. 
   Ədəbi fəaliyyətə 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” adlı oçerki ilə başlayır. Ancaq onun rəngarəng yaradıcılığında hekayə janrı mühüm yer tutur. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə “Məhəbbətin səsi” və “Gülab nəfəsli” hekayələri oxucular tərəfindən maraqla qarşılanıb. Bu hekayələrdə müəllif saf məhəbbətin əbədiliyi ideyasını irəli sürüb. 
   A.Məmmədov 1953-cü ildə “Kirovabad kommunisti” qəzeti redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialının rəhbəri, daha sonra isə H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru işləyir. Uzun müddət Nizami Poeziya teatrının bədii rəhbəri olub. 1971-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Həmin il dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 
   Ədibin “Həmyerlilər”, “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. dram əsərləri ölkəmizlə yanaşı, Rusiya, Tacikistan, Bolqarıstan, Türkiyə və İranda tamaşaya qoyulub. Bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston və tacik dillərinə tərcümə edilərək çap olunub. Yazıçının “Dəli Domrul” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyniadlı tamaşa İstanbulda keçirilən “Kitabi-Dədə Qorqud” günləri”ndə uğurla nümayiş olunub. Əsər həyatla ölüm arasında dialoq üzərində təcəssüm tapıb. Dəli Domrul yaxşı yaşamaq uğrunda həyatla çarpışır. Günləri mübarizələrdə keçən qəhrəman bir vaxt görür ki, ömür yarıdan ötüb. Sonda belə nəticəyə gəlinir ki, böyük arzuya, məqsədə çatmaq üçün insan ömrü yetərli deyil. 
   Müəllifin maraqlı əsərlərindən biri də Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestinin motivləri əsasında qələmə aldığı “Ulduzlar görüşəndə” komediyasıdır. Xalq artisti Zülfüqar Baratzadə xatirələrində pyes haqqında belə yazıb: “Yaxşı yadımdadır, bir ədəbi gecədə Zaman xanın dili ilə deyilən “Xəzinədə çoxlu pul olması vacibatdandır. Bəlkə şahənşah müharibə edəsi oldu, bəlkə biz Əfqanıstana hücum elədik” sözləri burada iştirak edən o zamankı şəhər rəhbərliyini şok vəziyyətinə saldı. Çünki sovet qonşuları artıq Əfqanıstanda vuruşurdular. Xoşbəxtlikdən bu sözlərin başına o zaman ip salan olmadı, sanki heç eşitməmişdilər”. 
   A.Məmmədovun bir-birindən maraqlı əsərləri vətəndən uzaqlarda da maraqla qarşılanıb. Moskvada üç kitabı işıq üzü görən müəllifin “Mahnı” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində çap edilib. 
   Tədqiqatçı-yazar “Azərbaycan hekayəsi” adlı monoqrafiyasında Azərbaycan hekayəsinin qaynaqlarını araşdırıb. Şifahi xalq yaradıcılığı nümunələri - dastanlar, qaravəllilər, zərb-məsəllər, rəvayətlər, eləcə də epik poeziyamızda mənzum hekayələrin yaranma tarixini geniş şəkildə şərh edib. “Dədə Qorqud”, N.Gəncəvi, M.Füzuli, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Vurğun, R.Rza, B.Vahabzadə və başqalarının yaradıcılığını təhlil süzgəcindən keçirib.
   A.Məmmədov eyni zamanda tərcüməçiliklə də məşğul olub. Əbdüqəhhar İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” əsərlərini dilimizə çevirib.
   Görkəmli ədib 15 iyul 2003-cü ildə Gəncədə vəfat edib.
   
   Savalan Fərəcov