18 may - Beynəlxalq muzeylər günü Ağdaş rayonunda da qeyd edilib. Tədbir Tarix-diyarşünaslıq muzeyinin qarşısında açıq havada Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Maqsud Şeyxzadənin ev-muzeyi ilə birgə təşkil olunub.
Tarix-diyarşünaslıq muzeyinin direktoru Nüşanə Yusifova hər il ölkəmizdə qeyd olunan əlamətdar gün haqqında danışıb, Azərbaycanda muzeylərin yaranma tarixindən söz açıb.
Regional idarənin rəisi Tahir Əliyev ölkə başçısının müvafiq sərəncamları ilə bölgələrimizdə muzeylərin də yenidən qurulduğunu diqqətə çatdırıb, muzey işçilərinə uğurlar arzulayıb.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva və Maqsud Şeyxzadənin ev-muzeyinin elmi işçisi Afaq Xəlilova hər iki mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib.
Tədbir rayon mədəniyyət işçiləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Beynəlxalq muzeylər günü münasibətilə 18-20 may tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki muzeylərdə də “açıq qapı” günü elan olunub.