Milli Azərbaycan Tarixi Muzeyində “Sonuncu ünvan” adlı tədbir keçirildi
   
   Məlum olduğu kimi, bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən 18 may - Beynəlxalq muzeylər günü üçün “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkənin muzeyləri bu mövzu altında tədbirlər keçirdilər. Onlardan biri də AMEA Milli Azərbaycan Tarixi Muzeyində təşkil edilən “Sonuncu ünvan” adlı tədbir oldu. 
   Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, əlamətdar gün təkcə muzey əməkdaşlarının deyil, həm də ziyarətçilərin və muzeylərlə əməkdaşlıq edən təşkilatların bayramıdır. Diqqətə çatdırıldı ki, “Sonuncu ünvan” adlanan proqram üç hissədən - məruzə, sərgi və konsertdən ibarətdir. Direktor tədbirin ərsəyə gəlməsində iştirak edən qurumların da rolunu qeyd etdi.
   Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin ev-muzeyi ilə birgə təşkil olunmuş tədbirdə əvvəlcə tarix üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun “1930-1953-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” adlı məruzəsi dinlənildi. 
   Məruzədən sonra çıxış edən Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova muzey işçilərini təbrik etdi. Bildirdi ki, dövlət rəhbərliyinin qayğısı və diqqəti sayəsində, bir çox muzeylərimiz kimi, Tarix Muzeyi də öz intibah dövrünü yaşayır. Muzeydə elmi tədqiqatlar, arxivlərin araşdırılması ilə yanaşı beynəlxalq muzeylərdə qorunan sənədlərin Azərbaycana gətirilməsi kimi əhəmiyyətli addımların atılması təqdirəlayiq haldır. E.Süleymanova son illərdə muzey işinin təşkilində əldə olunan nəticələrə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi, muzeylərin tarixi-mədəni irsimizin qorunmasında rolundan söz açdı, erməni təcavüzünə məruz qalmış ərazilərimizdə talan edilən mədəni sərvətlərimizdən bəhs etdi.
   Tədbir muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərin təşkili və keçirilməsində fəal iştirak edən təşkilat, müəssisə və şəxslərin mükafatlandırılması ilə davam etdi. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, YAP Səbail rayon təşkilatı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta ixtisas musiqi məktəbi, məktəb və liseylər, kütləvi informasiya vasitələri və muzeyin bir sıra əməkdaşlarına təşəkkürnamələr təqdim edildi. 
   Tədbir konsert proqramı və sərgiyə baxışla başa çatdı.
   
   L.Azəri