Oğlan: Dara çəksələr məni, Eşqimdən dönməm geri!..
Qız: Bütövün parasıtək qəlbinə cala məni!
Lirik musiqinin sədaları altında bir-birini məhəbbətlə süzən gənclərin sevgi ovqatını Ağaxan müəllimin replikası “dağıdır”:
- Elnur, sən irəli gələndə Şəbnəmə baxma, salona bax... Aramla, yavaş-yavaş irəli gəlin!.. Ramin, dünənki məşqdə bu yerdə “Yeddi gözəl”dən adajionu vermişdin. O, yaxşıdır... Uşaqlar, sizin səhnəni bir də keçək.
Elnur öz fikrini bildirir:
- Ağaxan müəllim, mən Dilşadı görəndə bəlkə qalxanla qılıncı yerə atmayım, atanda səsi bərk çıxır!.. Bəlkə gözümü qızdan çəkmədən qılınc-qalxanı ehtiyatla yerə qoyum?
- Olar. Yerə atanda səsi taxta səsinə oxşayır, o dəqiqə bilinir ki, ağır dəmir deyil. Gəlin, bir də şeir yerindən başlayaq...
Aktyorlar mizanı təkrar edirlər. Qara Qarayevin "Yeddi gözəl" baletindən adajio səslənir. Lakin Dilşadla Məlikməmmədin aşiqliyi bir-birinə heyran-heyran baxmaqdan uzağa gedə bilmir. Çünki bu anda Divin nəriltisi eşidilir və Dilşad “mənə yazığın gəlsin, məni gözüyaşlı qoyma” yalvarışları ilə Məlikməmmədi gizlənməyə məcbur edir. Divin əsarətindəki digər qızlar - Nurşad və Gülşad da əl-ayağa düşürlər.
Yəqin ki, bildiniz: söhbət “Məlikməmməd” nağıl-tamaşasının məşqindən gedir. Nağıl Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilir. Premyerası iyunun 1-də, Beynəlxalq uşaqları müdafiə gününə nəzərdə tutulan tamaşanın fərqli özəlliyi də var ki, bu barədə bir qədər sonra.
Hələliksə, aktyorlar məşq edir. Tamaşanı səhnələşdirən və ona quruluş verən isə, Xalq artisti Ağaxan Salmanlıdır. «Məlikməmməd» tamaşasında demək olar ki, teatrın gənc aktyorları məşğuldur. Elnur Hüseynov və Mirzəağa Mirzəyev (Məlikməmməd), Anar Seyfullyev və Ramil Məmmədov (Gülməmməd), Ramiq Nəsirov və Elgün Yəhyayev (Nurməmməd), Simuzər Ağakişiyeva və Venera Abbasova (Gülşad), İlqarə Tosova və Yasəmən Məmmədova (Nurşad), Şəbnəm Hüseynova və Aygün Fətullayeva (Dilşad), Elşən Hacıbabayev və Müşfiq Əliyev (Div), Rövşən Abbasov və Rəşad Səfərov (Şah), Xəyalə Meydanova və Zümrüd Quliyeva (Zümrüd quşu) və başqaları «Məlikməmməd»i balaca tamaşaçılara təqdim edəcəklər.
...Birinci heyətin məşqinin bitməsini gözləyirik ki, uzun illərdən bəri uşaqlar üçün nağıllar səhnələşdirən, tamaşalar hazırlayan aktyor-rejissor Ağaxan Salmanlıdan fikirlərini soruşaq. Xalq artisti, nəhayət, bizimlə söhbətə vaxt tapır:
- “Məlikməmməd” Azərbaycan uşaqlarının ən çox sevdiyi nağıllardandır. Bu nağılda vətənpərvərlik, xeyirxahlıq kimi hisslər aşılanır. Çalışmışıq ki, əsərdəki hadisələr həm də bu gün yaşadığımız cəmiyyətin ruhuna uyğun gəlsin. Çünki torpaqlarının 20 faizi işğal altında olan ölkədə gənc nəslin ilk növbədə vətənpərvərlik ruhunda tərbiyələnməsinə ehtiyac var. Bilirsiniz, bizim nağıllar dildən-dilə keçərkən, üzü köçürülərkən mətnlərə qan qoxusu verən təhriflər artırılıb. Məsələn, «Məlikməmməd» nağılının bir çox versiyalarında qardaşların bir-birinə düşmən olması, böyük qardaşların Məlikməmmədi qəsdən quyudan çıxarmaması, hər şeyin üstü açılan kimi də böyük qardaşların edam edilməsi fərziyələri var. Halbuki, bizim xalqın xislətində bir-birini sevmək, qohumlara xüsusi münasibət bəsləmək, xeyirxahlıq, mərhəmət hissləri daha güclüdür. Odur ki, bu tamaşada qardaşlıq, birlik, mehribanlıq hisslərinin təzahürünü qabarıq vermək istəmişik.
- Ağaxan müəllim, bildiyim qədər tamaşada təkcə teatrın aktyorları məşğul deyil...
- Elədir. Tamaşa Bakıdakı 6 nömrəli məktəb-liseylə teatrımızın birgə layihəsidir. Kütləvi səhnələrdə, epizodlarda, hətta kiçik rollarda məktəbin şagirdləri çıxış edirlər. Bu tamaşanın başqa bir özəlliyi də ondadır ki, yaradıcı heyətə tələbələr də qoşulub. «Məlikməmməd»in rəqslərinə Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Elvin Nuri quruluş verir, geyim eskizlərinin müəllifi isə Rəssamlıq Akademiyasının tələbəsi Ləman Salmanlıdır...
- Nəzərə alsaq ki, tamaşanın quruluşçu rəssamı da gənc rəssam Elşən Sərxanoğludur, bu qədər cavan, yeniyetmə bir ağsaqqalın ətrafında birləşib.
- Elədir, tamaşada təxminən iyirmi məktəbli məşğuldur. Düzdür, böyük səhnə təcrübəsi olmayan uşaqlarla işləmək bir qədər çətin olsa da, gənclərlə işləmək çox maraqlıdır.
* * *
...Hər il 1 iyun münasibətilə müxtəlif teatr kollektivləri balacaları xüsusi proqram və ya tamaşa ilə təbrik edir. Missiyası müxtəlif yaşlı uşaqların sənət zövqünü inkişaf etdirməkdən ibarət olan Gənc Tamaşaçılar Teatrı isə bu dəfə uşaqların bayramını həm də səhnədə onlarla birgə qeyd edəcək.
Gülcahan Mirməmməd