Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. Festivalın məqsədi xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.
Seçim mərhələsində xalq teatrlarının çıxışları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Xalq artisti Vaqif Əsədovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilir. Fərqlənən kollektivlər iyun ayında Bakıda final mərhələsinə vəsiqə qazanacaqlar.
Festivalın növbəti seçim mərhələsi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində (İsmayıllı rayonu) keçirilib. Baxışa İsmayıllı, Şəki və Ağdaş regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan xalq teatrı kollektivləri qatılıb.
Qeyd edək ki, şəhər (rayon) mədəniyyət mərkəzlərində və filiallarında fəaliyyət göstərən əməkdaşlardan, həmçinin ayrı-ayrı sahələrdə çalışan insanlardan ibarət həvəskar teatr kollektivləri tərəfindən Ü.Hacıbəyli, İ.Əfəndiyev, İ.Məlikzadə və digər ədib, dramaturq və bəstəkarların əsərləri səhnələşdirilib.
İsmayıllı Xalq teatrı “Acı tale”, İsmayıl bəy Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı “Gəl, qohum olaq”, Ağdaş Xalq teatrı “Layla”, Qax Xalq teatrı “Ər və arvad”, Zaqatala Xalq teatrı “Vicdanın hökmü”, Şəki Xalq teatrı “Məhv olmuş gündəliklər”, Göyçay Xalq teatrı “Ağıllı oğlan”, İsmayıllı Kukla xalq teatrı “Çoban” tamaşalarını təqdim edib. Səhnə əsərləri münsiflər heyəti və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Müxtəlif janrlarda təqdim edilən tamaşalar xalq yaradıcılığının inkişaf etdirilməsi, qeyri-maddi mədəni irsin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkilində xalq teatrlarının mühüm roluna bariz nümunədir.