Biləsuvarda konfrans və kitab sərgisi keçirilib
   
   Mayın 17-də Biləsuvarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Sülhü tərənnüm edən islam” adlı konfrans və kitab sərgisi keçirilib.
   Konfransda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elçin Hüseynov, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və Sudanın səfirinin müavini Məhəmməd Elballa Osman iştirak ediblər.
   Çıxışlarda 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, islam dəyərlərini də özündə ehtiva edən zəngin Azərbaycan mədəniyyəti dünya mədəniyyət xəzinəsinə misilsiz töhfələr verib.
   Tədbirin sonunda şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılan ərəb dilində yazılmış müxtəlif xarakterli qədim dini kitablar nümayiş olunub.