16-17 may tarixində İtaliyanın müxtəlif yerlərindən olan 21 nəfər turist heyəti Lənkərana səfər edib. Lənkəran Turizm İnformasiya Mərkəzi (TİM) tərəfindən onlar üçün maraqlı turlar təşkil olunub.
İtaliyalı qonaqlar Lənkəranın və Astaranın füsunkar təbiəti, Hirkan Milli parkı, çay plantasiyası və çay fabriki ilə tanış olub, Lənkəran Tarix-diyarşünaslıq muzeyinə ekskursiya edib, şəhərin görməli yerlərinə baş çəkiblər.
Lənkəranın adət-ənənələrinin və zəngin folklorunun tanıtımı da təşkil olunub. İtaliyalı turistlər Separadi kənd Folklor evinin “Nənələr” folklor kollektivinin üzvləri ilə çay süfrəsi arxasında görüşüb, kollektivin ifasını maraqla izləyiblər.
Lənkəran TİM tərəfindən ilk dəfə belə formatda təşkil olunan tədbirlər qonaqların marağına səbəb olub. Onlar Azərbaycandan öncə Gürcüstanda olduqlarını qeyd edərək Lənkəranda onlara daha maraqlı və mənalı istirahət turunun təqdim edildiyini vurğulayıblar.