Xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirəsi yad edilib
Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun (1935-2016) xatirə gecəsi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.
Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırırdı. Əsərlərində ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Yazıçının bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. O, həmçinin “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin ssenari müəllifidir.
“Maqsud hamıya gülümsəyir” adlı gecə yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı. Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirib. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırladıb.
Xatirə gecəsində çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bildirib ki, Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, onun əsərləri 30-a yaxın dilə tərcümə edilib.
Vurğulanıb ki, Maqsud İbrahimbəyov qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi: “Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Onun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur”.
Qeyd olunub ki, Maqsud İbrahimbəyov rus dilində yazsa da, hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi: “Maqsud müəllim mərd, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. Bu insan haqqında, onun yaradıcılığı, yüksək mənəvi və insani keyfiyyətləri barədə çox danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə insanlar böyük yazıçı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərini daha dərindən dərk edəcəklər”.
Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək ədibin xatirəsinə hörmətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Yazıçının dostu, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman vurğulayıb ki, Maqsud İbrahimbəyovun başlıca silahı söz idi. O, söz duelində qeyri-adi dərəcədə zərif idi, eyni zamanda söz döyüşündə alınmaz sədd idi. Yazıçı sözün qüdrətinə, sözün hər şeyə qalib gələcəyinə inanırdı və o, tam haqlı idi.
Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib.
Sonra ədibin həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib.
Film “Maqsud İbrahimbəyov kimi yazıçılar dünyalarını dəyişmirlər. Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri tarix” sözləri ilə yekunlaşır.