Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin (1914-1996) anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Siz həmişə bizimləsiniz” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə yazıçının həyat və yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açılıb. Vurğulanıb ki, İ.Əfəndiyev “Sən həmişə mənimləsən” əsəri ilə Azərbaycan dramaturgiyasında lirik-psixoloji üslubun əsasını qoyub, “Xurşudbanu Natəvan” əsəri ilə isə ilk dəfə tarixi qadın qəhrəmanını baş obraz kimi təqdim edib.
Tədbirdə ədibin “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” televiziya tamaşalarından fraqmentlər, BXA-nın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşudbanu Natəvan” pyeslərindən səhnələr nümayiş etdirilib. Akademiyanın orta ixtisas (kollec) pilləsinin III kurs tələbəsi, Yazıçılar Birliyinin “Gənc ədiblər məktəbi”nin üzvü Elvin Nuri yazıçıya həsr etdiyi “Mahnısı dağlarda qalan sənətkar” şeirini səsləndirib.
Sonda çıxış edən Xalq artisti Ağaxan Salmanlı və akademiyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev tələbələrin təşəbbüslərini dəstəkləyərək, ədibin Azərbaycan ədəbiyyatı tarixində rolundan söz açıblar.