Orta əsrlərdə Şərqdə insanların həyat tərzinə çevrilən təsəvvüf fəlsəfəsi bu anlayışı ehtiva edən ədəbiyyatın da inkişafına təkan vermiş, yeni şairlər nəsli yetişmişdir. Yaradıcılığı təsəvvüfi simvollarla zəngin olan sufi şairlərdən biri də Fəridəddin Əttar olub. 
   Fəridəddin Məhəmməd oğlu Əttar haqqında qaynaqlarda səhih məlumat azdır. Tədqiqatlarda şairin təxminən 1136-cı ildə İranın Nişapur şəhərində dünyaya göz açdığı bildirilir. Onun “Əttar” təxəllüsü götürməsi isə atadan qalma əczaçı dükanında əttarlıq etməsi ilə bağlı olub. Araşdırmalarda göstərilir ki, F.Əttarın zəngin yaradıcılığı olub, 140-dan artıq əsəri günümüzə qədər gəlib çatıb. Lakin əsərlərinin heç birində şair özü haqqında ətraflı məlumat verməyib. 
   Məşhur əsərləri içərisində “Məntiqüt-teyr” xüsusi yer tutur. “Quşların dili” və yaxud “Uçmağın məntiqi” kimi tərcümə edilən bu alleqorik əsər 4400 beytdən artıqdır. Müəllif əsərdə təsəvvüf məfhumunun vəhdəti-vücud nəzəriyyəsini irəli sürüb. Öz dövründə böyük maraq yaradan əsər Şərq ölkələrində geniş yayılıb. Bir çox şairlər yaradıcılıqlarında ondan bəhrələnib. Böyük özbək şairi Əlişir Nəvai bu məsnəvidən təsirlənərək “Lisanüt-teyr” əsərini qələmə alıb.
   F.Əttarın “Əsrarnamə” məsnəvisi 26 fəsildən ibarətdir. Əsər XV əsrdə türk dilinə tərcümə edilib. Şair əsərdə yazıb ki, zahiri bərbəzəyin parlaqlığı insan qəlbini hörümçək toru kimi hörür. Bununla da insan nəfsinin quluna çevrilir. Nəfsinin quluna dönən isə ilahi məqamda yerini itirir. 
   Şairin “Uşturnamə” əsəri təsəvvüf ədəbiyyatının dəyərli nümunələrindən hesab olunur. Həllac Mənsurun faciəli həyatı ayrı-ayrı hekayətlər şəklində təsvir edilib. Qırx fəsildən ibarət olan “Müsibətnamə” əsərində isə F.Əttarın təsəvvüflə bağlı görüşləri öz əksini tapıb. Burada Həqiqət sorağı ilə yola çıxan Salikin keçdiyi sınaqlardan və bu yolda öz Pirinin müridinə tövsiyələrindən söz açılır.
   Əttarın zəngin yaradıcılığında mükəmməlliyi ilə seçilən əsərlərindən biri də “Təzkirətül-övliya”dır. Əsərdə böyük sufi şeyxləri və övliyalar haqqında məlumat verilib, dəyərli kəlamları yer alıb. Əsər İmam Cəfəri Sadiqlə (ə) başlayır, Əbüfəzl Həsən Səraksi haqqında məlumatlarla başa çatır. 
   Bu əsərlərdən başqa şairin “Cövhər əz-zat”, “Məzhər əl-əcaib” və divanı da mövcuddur. “Bu da keçər” və yaxud “Şakirin hekayəti” kimi məşhur məsnəvi də şairin divanındandır. Lakin bu hekayənin “Məntiqüt-teyr” əsərindən olduğuna dair fikirlər də var.
   Həyata baxışları qeyri-adiliklərlə dolu şair “İlahinamə”, “Xosrovnamə”, “Muxtarnamə” və digər əsərlərində də təsəvvüf anlayışına dair mütərəqqi fikirlər ortaya qoyub, bu məzmunlu ədəbiyyatın zənginləşməsinə töhfə verib. “Muxtarnamə”də Əttarın rübailəri yer alıb.
   Rəvayətə görə, görkəmli sufi şairi Fəridəddin Əttar 1221-ci ildə monqol işğalı zamanı qətlə yetirilib.
   
   Savalan Fərəcov