Müxtəlif ölkələrin gəncləri Çanaqqalada bir araya gəldi
   
   Bu günlərdə Türkiyə Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Türkiyə “Hər kəs üçün idman” Federasiyası (THİF) tərəfindən təşkil olunan “Dostluq qazansın” Çanaqqala düşərgə proqramına bu ölkədə təhsil alan xarici və yerli tələbələr qatılmışdı. 
   "Barış ölkəsi Türkiyə" şüarlı layihə ilk dəfə həyata keçirilirdi. Kocadere səmtində qurulan dostluq düşərgəsində iki gün ərzində Türkiyə, Almaniya, İngiltərə, Kanada, Hindistan, Yeni Zelandiya, Avstraliya, Fransadan gənclər tarixi və mədəni proqramlarla yanaşı idman tədbirlərində də iştirak etdilər.
   YTB-nin Ankaradakı Türkiyə təqaüdləri ofisindən bildirdilər ki, bu layihəni gerçəkləşdirməkdə məqsəd vaxtilə babalarının vuruşduqları torpaqlarda bir araya gələn gənclərə bir daha o illəri xatırlatmaqdır: “Çanaqqala tarixin yazıldığı yerdir. Gənclərin bu yerləri öz gözləri ilə görməsini istədik. Bu məqsədlə vaxtilə Çanaqqala savaşında iştirak etmiş ölkələrin gənclərini bir sülh halqasında, Türkiyənin öndərliyində bir araya gətirdik”. 

   Tarixi və mədəni tanıtım
   
   İştirakçıların hər birinə düşərgədə qalmaq üçün bəzi ləvazimatlar, idman geyimləri və ayaqqabılar paylanıldı. Çadırlarda qalan gənclər tədbirin ilk günündə Çanaqqaladakı məşhur yerlərlə tanış oldular. 
   Qonaqlara bələdçinin müşayiəti ilə yarımadada 1915-ci ildə böyük savaşın baş verdiyi yerlər, Seyid Onbaşının abidəsi və s. tarixi yerlər göstərildi, ətraflı məlumat verildi. Əlbəttə, vaxtilə babalarının vuruşduqları bu döyüşlərlə bağlı məlumatı dinləmək əcnəbi gənclər üçün çox maraqlı idi. Onlar bu coğrafiya ilə yaxından tanış oldular, Çanaqqala dastanının mənasını anladılar. Gəzintinin sonunda isə Şəhidlər abidəsi önündə xatirə şəkli çəkdirildi. 
   
   Əyləncəli proqramlar, yarışlar
   
   Axşam isə düşərgə ərazisindəki meydanda qurulmuş səhnədə bir-birindən maraqlı proqramlar gənclərin zövqünü oxşayırdı. Proqramdan öncə bizimlə söhbətində THİF-nin rəhbəri Yasin Bölükbaşı Türkiyə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmanı toplumun bütün kəsimlərinə yaymaq istədiklərini söylədi. O, idmanın əyləncə və səhiyyə istiqaməti ilə yanaşı dostluq, qardaşlıq, birlik və bərabərlik təmasını da ön plana çıxarmaq istədiklərini qeyd etdi: “Çanaqqala türk milləti tarixində ən böyük dastanlardan biridir. Dünyanın hər yerindən gələn dostlarımız burda birlikdə oldular. Biz dünyaya bu mesajı veririk, Türkiyənin bir barış, hüzur ölkəsi olduğunu duyurmağa çalışırıq. Azərbaycanlı qardaşlarımız da bunu çox gözəl bilirlər. İki dövlət, tək millətik”.
   Y.Bölükbaşı proqramda idman və mədəniyyətin bir araya gətirilməsinə də toxundu və bildirdi ki, Çanaqqalada zəngin mədəni miras var: “Bu torpaqların hər qarışında bir mədəniyyət yatır. Bu məkan şəhidlərimizin qanları ilə suvarıldı. Min illərdir ki, bura türk millətinin vətənidir. Eyni zamanda, mədəni gəzintilərlə yanaşı, idman da proqramı maraqlı edir. Biz bu proqramı ilk dəfə reallaşdırdıq və gələcəkdə ənənəyə çevirmək istəyirik. Türk xalqının qonaqpərvərliyini hər il nümayiş etdirəcəyik. Biz barışın qiymətini bilən insanlarıq”.
   THİF rəhbəri və digərlərinin çıxışından sonra musiqi, rəqs, idman, şeirlə zəngin proqram başladı. Mehtaran tamaşaları, Çanaqqala türküləri və yerli ezgi melodiyaları, şair İbrahim Sadri və müğənni Açiykut Kuşkayanın ifaları proqrama rəngarənglik qatdı. 
   Gəzinti proqramının ikinci günü maraqlı idman yarışları da keçirildi: kəndirçəkmə, badminton, basketbol, futbol, bilək güləşi, voleybol, boulinq, velosiped, ağır atletika, mini qolf, atıcılıq və s. Qalib gələnlər THİF tərəfindən mükafatlandırıldı. 
   Bu iki gün ərzində müxtəlif ölkələrdən gəlib Türkiyədə təhsil alan gənclər arasında xoş münasibətlər də quruldu. Tədbirin sonunda gənclərin hər biri çoxlu dost qazanmışdı. Bir sözlə, “Dostluq qazansın” tədbirindən geridə fərqli mədəniyyətlərin birlik və sülh mesajları qaldı. 
   
   Mehparə Sultanova
   Ankara