Mayın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi keçirildi. 
   Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq Xalq rəssamı D.Kazımovun yubiley sərgisi və nümayiş etdirilən əsərlər haqqında bilgi verdi. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov mərhum D.Kazımovun milli rəssamlıq sənətimizdə özünəməxsus yerindən, çoxşaxəli yaradıcılığından danışdı, onun əsərlərinin əbədiyaşarlığını dilə gətirdi. 
   Xalq rəssamı Səlhab Məmmədov sənətkarın rəssamlığın müxtəlif janrlarında dəyərli əsərlər yaratdığını söylədi.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov görkəmli rəngkar D.Kazımovun təsviri sənətimizin inkişafında göstərdiyi xidmətlərdən söz açdı. 
   Rəssamın oğlu Mehdi Kazımov sərginin təşkili üçün zəhməti keçən hər kəsə sayğısını bildirdi. 
   Açılışdan sonra tamaşaçılar əsərlərlə yaxından tanış oldular. Sərgidə rəssamın “Ana”, “Məhsul yığımı”, “Xurmalarla natürmort”, “Bənövşələr”, “Bağda”, “Xəzərin yeraltı sərvətləri”, “İspan silsiləsindən”, “Bolqarıstan silsiləsindən”, “Şahdağ”, “Göygöl”, “Şamaxı yolu”, “Çöl gülləri”, “Batabat”, “Abşeron mənzərəsi” kimi tabloları nümayiş olunur. Rəssam Azərbaycan təbiətinin gözəlliklərini, xalqımızın entoqrafik incəlikləri və adət-ənənələrini, zəhmət insanlarının həyat tərzini rənglərin dili ilə ifadə edib. 
   Bildirək ki, D.Kazımov 1926-cı ildə Bakıda doğulub. 1941-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Geniş yaradıcılıq diapazonuna malik rəssam təsviri sənətimizdə orijinal dəst-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıqda olduğu kimi, qrafika sənətinə də bədii töhfələr verib. 
   D.Kazımov 1947-1966-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərib. 2015-ci ildə vəfat edib. 
   
   S.Qaliboğlu